mobil versiya

Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb



Paytaxt ərazisində, xüsusilə də Bakı Şəhər Halqasının daxil olduğu Səbail rayonunda “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları ilə əlaqədar bütün zəruri təhlükəsizlik tədbirləri təmin olunub.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov deyib.
E.İbrahimov bildirib ki, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə naryad qrupları halında Formula 1 halqasını əhatə edən bütün ünvan və əraziləri tam nəzarətə götürüb.
“Həmçinin, qeyd edim ki, Dövlət Yol Polisi əməkdaşları hərəkətin intensiv olduğu avtomobil yollarında gücləndirilmiş iş rejimində xidmətini davam etdirir. Yarışların hazırlıq mərhələsindən bu günə kimi hər hansı neqativ hal baş verməyib. Şəhərimizin qonaqlarını, yarış iştirakçılarının, texniki heyətin, ümumiyyətlə “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları ilə əlaqəli olan hər bir şəxsin təhlükəsizliyi təmin olunmaqdadır”, – deyə DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinə start verilib. Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunur. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət sonuncu gün – ayın 15-də əsas yarış baş tutacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-09-2024, 16:26