mobil versiya

XİN Paşinyana cavab verib



Ermənistan bölgədə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərindən boyun qaçırmamalıdır.

Reportyor.az bildirir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin “Armenpress” xəbər agentliyində kommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerli medianın sualına cavabında deyib.

O bildirib ki, 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur.
"Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib", - XİN rəsmisi əlavə edib.
A.Hacızadə vurğulayıb ki, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır:
"Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır".

KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 17:30