Azərbaycanın D-8-ə qoşulması qrup üzvləri arasında əməkdaşlıq imkanlarını genişləndirib

Azərbaycanın D-8 təşkilatına qoşulması üzv ölkələr arasında iqtisadi fəaliyyətlərin şaxələndirilməsi və xalqların rifahının artırılması istiqamətində əməkdaşlıq imkanlarını genişləndirib.
Bu fikirlər İndoneziyanın Vahid Təhsil Fondunun müşaviri Mohammad Amar Marufun “Antara” agentliyinin saytındakı “D-8 iqtisadi marşrutları birləşdirmək və inkişaf etdirmək üçün yeni bir körpü qurur” başlıqlı məqaləsində əks olunub.
Müəllif qeyd edir ki, 2024-cü ilin dekabrında D-8-in Qahirədə keçirilmiş zirvə toplantısında Azərbaycan təşkilata üzv qəbul edilib.
Məqalədə D-8 üzvlərinin öz aralarında və digər ölkələrlə daha faydalı iqtisadi, ticari əməkdaşlığının inkişafının onlar üçün faydalı olacağı vurğulanıb, üzvlərin ən yaxşı təcrübələrini, praktik və strateji texnologiyaları bölüşmələrinin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, əksəriyyəti coğrafi cəhətdən fərqli bölgələrdə yerləşən üzvlər arasında davamlı fəaliyyətin qurulması üçün bir-birini tamamlayan ehtiyaclar nəzərə alınaraq, iş prosesinin coğrafi sərhədləri aşaraq qitələr arasında əməkdaşlıq körpüsünə çevrildiyi görünür. 2023-cü ildə D-8 qrupuna üzv ölkələr arasında ticarət əməliyyatları təxminən 147 milyard ABŞ dolları təşkil edib. Bu, 1997-ci ildəki rəqəmdən təxminən 10 dəfə çoxdur. D-8 qrupu ölkələri arasında ticarətin artırılması üçün hədəf 2030-cu ilədək 500 milyard dollardır. Bu məqsədə çatmaq üçün qrup üzvləri sənaye, nəqliyyat və texnologiya kimi sektorlarda daha sıx əməkdaşlıq etməyə çalışır.
Müəllif yazır ki, ümumi əhalisi bir milyarddan, ÜDM-i 5 trilyon dollardan çox olan D-8 qrupu onsuz da əhəmiyyətli bir iqtisadi bloku təmsil edir. Azərbaycanın üzvlüyü Asiya, Yaxın Şərq və Avropanın nəqliyyat-logistika mərkəzlərini birləşdirən sənaye, texnologiya, enerji və təbii sərvətlər sektorlarına ticarət və investisiyalar da daxil olmaqla bazarın genişlənməsi kimi müəyyən üstünlüklər verəcək. Bu üstünlüklər D-8 qrupu daxilində əlaqə yaradacaq ki, bu da logistika xərclərini iqtisadi cəhətdən azaldacaq və qlobal ticarəti asanlaşdıracaq səmərəli nəqliyyat şəbəkəsi yaradacaq.
Müəllif təşkilatın gələcək fəaliyyəti, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaratdığı imkanlara da toxunub. (azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:08


























