Səfir: Bu gün Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə qarşılıqlı təmaslar və səfərlər mövcuddur

İran İslam Respublikasının Milli Günü və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul keçirib.
Səfir Müctəba Dəmirçilu ölkəsinin İslam İnqilabının tarixindən danışıb.
Bildirib ki, İran İslam Respublikası qurulduğu ilk gündən öz siyasi xəttini müstəqillik, azadlıq, ədalət və hegemonluğun rədd edilməsi prinsipləri üzərində bərqərar edib. Bu yol boyunca ölkə müxtəlif çətinliklər və sınaqlarla, o cümlədən siyasi təzyiqlər, hərbi təhdidlər, eləcə də qida və dərman vasitələrini belə əhatə edən hərtərəfli iqtisadi sanksiyalarla üzləşib. İran İslam Respublikası öz suverenliyinin və milli təhlükəsizliyinin müdafiəsində qətiyyətli olduğu kimi, İran xalqının maraqlarının təmin edilməsi, eləcə də regional sülh və təhlükəsizliyin qorunması naminə diplomatiyaya sadiqliyini nümayiş etdirir. Diplomatiyanın əsasını milli suverenliyə hörmət və qarşılıqlı maraqlar təşkil edir; bu baxımdan təhdid, zorakılıq və birtərəfli, qeyri-qanuni imtiyaz tələblərinə əsaslanan danışıqların səmərəli nəticə verməsi mümkün deyildir.

İran İslam Respublikası balanslaşdırılmış xarici siyasət kursuna əsaslanaraq qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, yeni yaranan güclərlə əməkdaşlığın genişləndirilməsinə və mühüm regional və beynəlxalq təşkilatlarda fəal iştiraka xüsusi önəm verir. İran regionda və beynəlxalq müstəvidə məsuliyyətli, müstəqil və nüfuzlu bir aktor kimi daim sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün dialoqu, çoxtərəfliliyi və əməkdaşlığı dəstəkləmiş, bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq münasibətlərinin inkişafına çalışıb.
Bu kontekstdə dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də qohumluq bağlarına söykənir və qarşılıqlı maraqlar əsasında formalaşır.
Azərbaycan ilə İran arasında münasibətlər əsrlərə söykənən tarixi köklərə, coğrafi qonşuluğa, xalqlarımızı birləşdirən mədəni və mənəvi dəyərlərə əsaslanır.
Bu amillər dövlətlərarası münasibətlərimizin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Əlaqələr mehriban qonşuluq, suverenliyə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etməkdədir.
Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan-İran əlaqələrinin inkişafı iki ölkə Prezidentlərinin siyasi iradəsindən irəli gəlir.
Son dövrdə yüksək səviyyəli səfərlər, ölkələrimizin Prezidentləri arasında aparılan müntəzəm dialoq ikitərəfli əlaqələrin dinamik inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın gündəliyinin genişləndirilməsinə mühüm təkan vermişdir.
Bu kontekstdə ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə baş tutmuş rəsmi səfərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Bu səfər ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açmış, səfər zamanı imzalanmış sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızı daha da möhkəmləndirmiş, qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki işbirliyinin dərinləşdirilməsinə əlverişli şərait yaratmışdır.
Beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində ölkələrimiz sıx əməkdaşlıq edir.
Bu baxımdan İran Prezidentinin ötən ilin iyul ayında Xankəndi şəhərində ECO 17-ci Zirvə görüşündə iştirakı və tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə görüşü həm Azərbaycan-İran ikitərəfli əlaqələrinin, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olmuşdur.
Bu gün Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə qarşılıqlı təmaslar və səfərlər mövcuddur. İkitərəfli əlaqələrimizin bir çox sahələrdə inkişaf dinamikası məmnunluq doğurur.
Azərbaycan-İran iqtisadi münasibətləri və əməkdaşlığı demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir və uğurla inkişaf etməkdədir.
Prezidentlərin tapşırıqlarının icrası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində - xüsusilə də nəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və bu kimi digər istiqamətlərdə layihələrin həyata keçirilməsi təmin edilir.
Bu layihələrdən bəziləri hazırda icra mərhələsində, bəziləri tamamlanmaq və bəziləri də artıq icrası başa çataraq istifadəyə verilmişdir. Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclası bütün sadalanan əməkdaşlıq istiqamətlərinin daha da genişlənməsinə və mövcud layihələrin icrasına müsbət töhfə verəcəkdir.

Prezident Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan-İran biznes forumunda Prezidentlərin iştirakı hər iki ölkənin bu sahəyə verdiyi böyük əhəmiyyəti açıq şəkildə əks etdirir.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji istiqamətlərindən biridir.
Bu gün ölkələrimizin birgə həyata keçirdikləri mühüm layihələr regionda bağlantıların gücləndirilməsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şimal-Cənub və Şərq–Qərb istiqamətlərinin inkişafına, regionun logistika imkanlarının və tranzit potensialının genişlənməsinə xidmət edir.
İcrada olan birgə layihələr sırasında İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması çərçivəsində Ağbənd-Kəlalə və Ordubad-Siyahrud avtomobil yolları körpülərini, İran Astarasında Azərbaycan investisiyası ilə inşası davam edən quru yük dəmir yolu terminalını qeyd etmək olar.
Azərbaycan Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına ardıcıl və məqsədyönlü şəkildə investisiya yatıraraq öz ərazisində müasir nəqliyyat infrastrukturu formalaşdırmışdır.
Dəmir yolu, avtomobil yolları, logistika mərkəzləri və liman infrastrukturu üzrə həyata keçirilən layihələr Şimal–Cənub marşrutu üzrə yüklərin fasiləsiz və səmərəli daşınması üçün etibarlı əsas yaratmışdır.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan–İran münasibətləri mehriban qonşuluq, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ardıcıl şəkildə inkişaf edir. Onun sözlərinə görə, ikitərəfli əlaqələrin möhkəmlənməsində hər iki ölkə prezidentlərinin nümayiş etdirdiyi siyasi iradə mühüm rol oynayır. Yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm dialoq isə münasibətlərin dinamik inkişafına və əməkdaşlıq gündəliyinin genişlənməsinə əhəmiyyətli töhfə verir.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən geniş əməkdaşlıq əlaqələrinə malikdir. Nəqliyyat, enerji, ticarət, infrastruktur və kommunikasiya sahələrində birgə layihələr uğurla həyata keçirilir, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur–Naxçıvan istiqamətində reallaşdırılan layihələr isə ikitərəfli əməkdaşlığın strateji xarakterini nümayiş etdirir. Bu istiqamətdə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti və qarşılıqlı səfərlər əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.


Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 23:04


























