mobil versiya

40 min vətəndaşın imzasını sadəcə elektron formada topla, yeni qanun layihəsi irəli sür!






Ölkədə elektron iştirakçılıq üçün yeni mərhələ başlayır.
Prezidentin ötən gün imzaladığı Fərman ilə Elektron Hökumət İnformasiya Sisteminin tərkibində “Elektron iştirakçılıq” altsistemi yaradılacaq

Bu, kifayət qədər mühüm institusional və rəqəmsal addımdır.

İndiyədək ictimai iştirakçılıq mexanizmləri əsasən dövlət qurumlarının və Milli Məclisin  ayrı-ayrı internet səhifələri, ictimai dinləmələr, müzakirələr, yazılı müraciətlər və digər ənənəvi kanallar üzərindən həyata keçirilirdi.
Proseslər vahid mərkəzdə cəmlənmədiyindən vətəndaşın hansı qanun və qərar layihəsinin harada müzakirə olunduğunu izləməsi, rəy bildirməsi və nəticəni görməsi elə də asan olmurdu.

Yeni yanaşma isə bu proseslərin vahid rəqəmsal mühitə daşınmasını nəzərdə tutur.
“Elektron iştirakçılıq” altsistemi vasitəsilə vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsində iştirakı genişlənəcək, ictimai müzakirə və dinləmələr elektron formada təşkil edilə biləcək, rəy və təkliflər təqdim olunacaq.

Daha bir mühüm yenilik vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun elektronlaşdırılmasıdır. Vətəndaşlar qanun layihəsini dəstəkləmək üçün elektron kabinet üzərindən elektron imza ilə imza verə biləcəklər.

Məsələn, hansıa bir siyasi partiya, icma və ya bir qrup vətəndaş konkret məsələ ilə bağlı yeni qanun layihəsi hazırlaya bilər. Təşəbbüs elektron qaydada rəsmiləşdirildikdən sonra layihəyə dəstək üçün 40 min seçki hüququ olan vətəndaşın imzası EHİS üzərindən elektron formada təqdim edilir. 
Əgər bu say toplanarsa layihə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilə bilər.

Başqa bir nümunə.
Dövlət şirkətlərinin əhaliyə göstərdiyi internet, elektrik, su, qaz, nəqliyyat və digər xidmətlərlə bağlı yeni qaydalar və mühüm dəyişikliklər ictimai müzakirəyə çıxarıla bilər. Vətəndaşlar “Elektron iştirakçılıq” sistemi üzərindən rəy və təkliflərini bildirə, ictimai dinləmələrdə iştirak edə bilərlər.

Düşünürəm ki, bu dəyişiklik yalnız hansısa bir yeni informasiya sisteminin yaradılması deyil.
Bu, dövlət–vətəndaş münasibətlərində e-iştirakçılığın institusionallaşdırılması, qərarların hazırlanmasına ictimaiyyətin daha sistemli cəlb edilməsi və rəqəmsal demokratiya alətlərinin inkişafı baxımından mühüm addımdır.

Xatırladıram ki , BMT-nin Elektron Hökumətin İnkişafı ilə bağlı hesabatlarında da e-iştirakçılıq ayrıca qiymətləndirilən əsas istiqamətlərdən biridir. Və Azərbaycan bir qayda olaraq məhz bu göstərici üzrə həmişə sıfra yaxın bal alırdı. Yeni sistem düzgün qurularsa, bu istiqamətdə mövcud boşluqların aradan qaldırılmasına və Azərbaycanın beynəlxalq göstəricilərinin yaxşılaşmasına da ciddi töhfə verə bilər.

Əlbəttə, burada risklər də var,
Əgər dövlət qurumları ictimai əhəmiyyət kəsb edən sənədlər əvəzinə mənasız layihələri yükləyərsə, müzakirələr formal keçirilsə, vətəndaşların təkliflərinə münasibət bildirilməsə və hansı təklifin qəbul və ya rədd edildiyi əsaslandırılmasa, sistem sadəcə sıradan bir  elektron portal olaraq qala bilər.

e-İştirakçılıq platformasının sahibi və operatoru RİNN-dir. Fərmanın icrası üçün 9 ay vaxt müəyyən olunub.


Osman Gündüz 
Azərbaycan İnternet Forumunun prezidenti


Reportyor.az 






KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 18:35