Tokio məhkəməsi insan səsini süni intellekt vasitəsilə klonlanmadan qoruyur

Tokio məhkəməsi əlamətdar bir iş üzrə insan səsinə hüquqi müdafiə təmin edib. Buna səbəb, anime personajlarını səsləndirməsi ilə tanınan məşhur yapon səs aktyorunun TikTok-dan icazəsiz olaraq onun özünəməxsus dərin səsini təqlid edən süni intellekt (Sİ) vasitəsilə yaradılmış versiyadan istifadə edən bir hesabı bağlamasını tələb etməsi olub.
Ötən həftə verilən Tokio Dairə Məhkəməsinin qərarı, Yaponiyada bir şəxsin öz səsinə olan hüququnun tanınması baxımından ilk presedent olub. Sosial media platformalarında səslərinin süni intellekt vasitəsilə yaradılmış surətlərinin istifadəsi ilə bağlı artan narahatlıqlar fonunda, bu qərar bir çox anime səs aktyoru tərəfindən müsbət qarşılanıb.
İddiaçı Kendjiro Tsuda, məşhur "Jujutsu Kaisen" anime serialındakı Kento Nanami kimi aparıcı personajları səsləndirərkən nümayiş etdirdiyi "parlaq və dərin" səsi ilə tanınan səs aktyorudur.
Tsuda məhkəmə iddiasında bildirib ki, "Nanami" adlı TikTok hesabının naməlum sahibi şəhər əfsanələri və fövqəltəbii hadisələr haqqında 180-dən çox videonu səsləndirmək üçün onun səsinə bənzər səsdən istifadə edərək izləyiciləri cəlb etmiş və qanunsuz gəlir əldə etmişdir. O, həmin məzmunun silinməsini tələb edib.
"Associated Press" tərəfindən nəzərdən keçirilən məhkəmə sənədinə əsasən, sədr hakim Aya Takahaşi bildirib: "İnsan səsi, tıpkı insanın xarici görünüşü kimi, onun şəxsiyyətini simvolizə edir".
Takahaşi əlavə edib ki, səsin icazəsiz istifadəsi, Tsudanın səsinin kommersiya cəlbediciliyindən faydalanmaq niyyəti ilə birlikdə, "şəxsin öz şəxsiyyətini və imicini kommersiya məqsədləri üçün istifadə etmək hüququnun pozulması" kimi qiymətləndirilməlidir.
2025-ci ilin noyabr ayına olan məlumata görə, hesabın 200 000-dən çox izləyicisi var idi və izləyicilər tez-tez diktorun səsi ilə Tsudanın səsi arasındakı oxşarlığı qeyd edirdilər.
Cavabdeh tərəf iddia edirdi ki, videolarda Tsudanın səsinə bənzər süni intellekt vasitəsilə yaradılmış səsdən istifadə olunub, lakin bu, aktyorun real səsi olmayıb. Cavabdeh həmçinin bildirib ki, videolar aktyorun səs ifaçısı kimi nüfuzuna zərər vurmayıb.
Məhkəmə qərarı Tsudanın onun səsindən istifadə olunan bütün videoların silinməsi barədə tələbini rədd edib, çünki həmin hesab artıq bağlanmışdı.
Çərşənbə günü verilən bu qərar, yapon səs aktyorlarının süni intellekt texnologiyalarından istifadə edilərək anime istehsalı üçün özünəməxsus səslərinin klonlanması ilə bağlı artan narahatlıqlarla üzləşdiyi bir dövrdə qəbul edilib. 2024-cü ildə OpenAI, "Her" filminin ulduzu aktrisa Skarlett Yohanssonun həmin səsin özününkünə "ürküdücü dərəcədə bənzər" olduğunu bildirməsindən sonra, ChatGPT-də mövcud olan səslərdən birinin istifadəsini dayandırmaq planlarını açıqladı.
Ötən il "Oskar" mükafatlı aktyorlar Maykl Keyn və Metyu Makkonahi səs klonlama şirkəti olan ElevenLabs ilə razılığa gələrək, şirkətin süni intellekt texnologiyasının onların səslərini təqlid etməsinə icazə verdilər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:11


























