Şahbaz Navaza PTI ilə uğursuz danışıqlar barədə məlumat verib

Pakistan Baş naziri Şahbaz Şərif bazar günü Cati Umrada PML-N lideri Navaz Şəriflə görüşüb. Görüşdə Pəncabın Baş naziri Məryəm Navaz da iştirak edib.
Bu barədə yerli media xəbər verir.
Baş nazir Şahbaz partiyanın ali liderinə PTI rəhbərliyi ilə aparılan müzakirələr və danışıqların pozulmasının səbəbləri barədə məlumat verib.
Baş nazir həmçinin daxili işlər naziri ilə görüşünün təfərrüatlarını Navaz Şəriflə bölüşüb və PTI-nin uzun yürüşü ilə bağlı ümumi vəziyyəti müzakirə edib.
Baş nazir Federal Daxili İşlər Naziri Möhsin Naqvinin iqamətgahına gedərək, onun dayısı Əkməl Hüseyn Naqvinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Görüş zamanı daxili işlər naziri baş nazirə şənbə gecəsi aparılan danışıqlar və indiyədək əldə olunan irəliləyişlər barədə ətraflı məlumat təqdim edib.
Başqa bir məlumata görə, Baş nazir Şahbaz Şərif Dera İsmayıl Xanda kəşfiyyat məlumatlarına əsaslanan uğurlu əməliyyatdan sonra təhlükəsizlik qüvvələrinin vaxtında və effektiv fəaliyyətini yüksək qiymətləndirib.
Baş nazirin ofisinin mətbuat xidməti bildirib ki, hökumət başçısı əməliyyat zamanı səkkiz terrorçunun zərərsizləşdirilməsində iştirak edən təhlükəsizlik əməkdaşlarının xidmətini yüksək qiymətləndirib. O, ölkənin müdafiəsində zabit və əməkdaşların nümayiş etdirdiyi şücaəti, peşəkarlığı və sarsılmaz fədakarlığı təqdir edib.
Baş nazir bildirib ki, bütün xalq terrorizmlə mübarizədə təhlükəsizlik qüvvələrinin yanındadır. O, terrorizm tamamilə kökü kəsilənə qədər "Fitnə əl-Xəvaric"ə qarşı əməliyyatları davam etdirmək əzmində olduqlarını bir daha vurğulayıb. O, ölkədə davamlı sülh və sabitliyin təmin edilməsi üçün terrorizmin tamamilə aradan qaldırılmasının vacib olduğunu qeyd edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:48


























