mobil versiya

Lavrov Kabilə terrorla mübarizədə texniki və logistik dəstək göstərilməsinə çağırıb






Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanın terrorla mübarizə potensialını gücləndirmək məqsədilə Kabula daha geniş texniki və logistik dəstək göstərilməsinə çağırıb.

Bazar ertəsi Əfqanıstan üzrə "Moskva formatı"nda keçirilən görüşdə çıxış edən Lavrov bildirib ki, Əfqanıstanın terrorla mübarizə imkanlarının artırılmasına kömək etmək iştirakçı ölkələrin qarşılıqlı maraqlarına uyğundur.

"Logistik və texniki yardım, eləcə də ekspert dəstəyi göstərməklə Kabulun terrorla mübarizə imkanlarının gücləndirilməsinə kömək etmək bizim qarşılıqlı maraqlarımıza cavab verir", - deyə Lavrov qeyd edib.

Lavrov həmçinin "İslam Əmirliyi"nin Əfqanıstan üzərindəki nəzarətini müsbət qiymətləndirərək bildirib ki, hakimiyyət ölkə ərazisini nəzarətə götürüb və onu "olduqca uğurla idarə edir".

O, Əfqanıstan təhlükəsizlik qüvvələrinin "İslam Dövləti" (İŞİD) və digər silahlı qruplaşmalara qarşı "barışmaz mübarizə" apardığını söyləyib; Lavrov yüzlərlə yaraqlının məhv edildiyini, həmçinin əcnəbiləri və diplomatik missiyaları hədəf alan bir sıra ciddi hücumların qarşısının alındığını iddia edib.

Rusiya xarici işlər naziri kəşfiyyat və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsinə çağıraraq bildirib ki, daha sıx koordinasiya Kabulun terrorla mübarizə qabiliyyətini daha da gücləndirə bilər.

Lavrov həmçinin Əfqanıstanın narkotik qaçaqmalçılığı ilə mübarizəsində əldə olunan irəliləyişə diqqət çəkib və BMT-nin qiymətləndirmələrinə istinadən qeyd edib ki, 2022-ci ildən bəri tiryək istehsalı 90 faiz azalıb.

O, Rusiyanın Əfqanıstana humanitar yardım göstərməyə davam edəcəyini bildirib və əlavə edib ki, yaxın bir-iki ay ərzində ölkəyə növbəti yardım partiyasının çatdırılması gözlənilir.

Lavrov həmçinin Moskvanın Əfqanıstanda və ya qonşu ölkələrdə NATO-nun hərbi mövcudluğuna qarşı olduğunu bir daha vurğulayıb və regionda NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsini "qətiyyən yolverilməz" adlandırıb.

O, son onilliklərin təcrübəsinə istinad edərək xəbərdarlıq edib ki, belə bir mövcudluq daha çox qeyri-sabitliyə və münaqişəyə səbəb ola bilər.

Əfqanıstan üzrə "Moskva formatı" çərçivəsində məsləhətləşmələr 2016-cı ildə başladılıb və bu format Əfqanıstan və region məsələləri ilə məşğul olan ölkələri bir araya gətirir.

Sonuncu görüşdə Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandan olan xüsusi nümayəndələr və yüksək vəzifəli şəxslər iştirak ediblər. Belarus və Misir isə görüşə dəvət olunmuş qonaqlar qismində qatılıblar.


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:31