Ekspert: Avropa İttifaqının Orta Dəhlizə ehtiyacı var

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib. İclasda Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, regional nəqliyyat bağlantılarının inkişafı, infrastruktur layihələri müzakirə olunub. Bu müzakirələr tərəflər üçün əhəmiyyətli xarakter daşıyır və nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin perspektivini müəyyən edir.
Bu sözləri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, Brüsseldə keçirilən ikinci Yüksək Səviyyəli Nəqliyyat Dialoqunda regional bağlantılar, nəqliyyatın rəqəmsallaşdırılması, dayanıqlı nəqliyyat və aviasiya əlaqələri əsas müzakirə mövzuları olub.
“Bu dialoqun davamı olaraq, dünən Bakıda Azərbaycan ilə Avropa Komissiyası arasında üçüncü Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib. Görüş Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə baş direktoru Maqda Kopçinskanın həmsədrliyi ilə aparılıb. Görüşdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Naxçıvan dəmir yolu layihəsinin inkişafı, Avropa İttifaqının maliyyə və investisiya alətlərindən Orta Dəhlizin inkişafı məqsədilə istifadə imkanları, Azərbaycanın nəqliyyat infrastrukturunun Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) inteqrasiyasının genişləndirilməsi və başqa mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Orta Dəhlizin tam potensialının reallaşdırılması yalnız milli büdcələr hesabına, infrastruktur quruculuğu ilə məhdudlaşmamalıdır. Dünya Bankının 27 noyabr 2023-cü ildə dərc etdiyi Orta Dəhliz üzrə araşdırmada qeyd olunur ki, müvafiq investisiyalar və əməliyyat səmərəliliyinin artırılması hesabına 2030-cu ilədək dəhliz üzrə yükdaşımaların həcmini üç dəfə artırmaq, daşınma müddətini isə iki dəfə azaltmaq mümkündür”, - deyə Zaur İbrahimov vurğulayıb.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri aparılan araşdırma zamanı Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 37 faiz, həmin ölkələrlə Avropa İttifaqı arasındakı ticarətin isə 28 faiz artacağı proqnozlaşdırıldığını deyib: “2026-cı ilin ilk yeddi ayında ölkə ərazisindən tranzit daşınan yüklərin həcmi 9,1 milyon tonu ötüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artım deməkdir. Həmin dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner dövriyyəsi 20 faiz artaraq 72 min 370 TEU-ya çatıb. Quru yüklərin həcmi isə 82 faiz artaraq 1,4 milyon ton təşkil edib
Dünya Bankının araşdırması və Bakıda Aİ nümayəndələri ilə keçirilən görüşlərin mahiyyəti ondan ibarətdir ki, bu gün Avropanın bütöv bir qitə olaraq Azərbaycana ehtiyacı var. Dünyada baş verən geosiyasi gərginlik bu ehtiyacı daha da aktuallaşdırıb. Orta Dəhlizin inkişafı Azərbaycan ilə Aİ arasında iqtisadi əlaqələrin dərinləşməsi, Avropa ilə Mərkəzi Asiya arasında ticarət dövriyyəsinin genişlənməsi və Cənubi Qafqazın beynəlxalq nəqliyyat sistemində rolunun artması üçün mühüm imkanlar yaradır. Bu imkanların reallaşdırılması isə tərəflərin uzunmüddətli strateji planlaşdırmasından, investisiya əməkdaşlığından və regional nəqliyyat sisteminin vahid mexanizm əsasında fəaliyyət göstərməsindən asılı olacaq”. (Azərtac)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:08


























