mobil versiya

Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır




İranın Qum şəhərində koronovirusdan iki nəfərin ölməsinə, bir neçə nəfərdə yoluxma hallarının aşkarlanmasına baxmayaraq azərbaycanlılar ucuz ərzaq, həkim və dava-dərman dalınca bu ölkəyə axışmaqda davam edir.

Virtualaz.org xəbər verir ki, ötən gün fevralın 20-də Astara sərhəd-keçid məntəqəsinin önündə həmişəki qələbəlik yaşanıb.  Yerli sakinlər deyirlər ki, İrana gedənlərin arası kəsilmirdi. Oradan qayıdanların isə əllərində müxtəlif yüklər vardı. Sərhədyanı ticarətlə məşğul olanlar deyir ki, Astara keçid məntəqəsi sutkada 24 saat işləyir: «Gecə-gündüz yolda hərəkət müşahidə olunur. Hətta İrandan gələn koronavirus xəbərləri də gediş-gəlişə mane olmayıb. İrana bazarlığa, müalicəyə, ziyarətə gedənlər var».



İrandan qayıdan Vüqar adlı bir Azərbaycan vətəndaşı deyib ki, orada bazarlıq etmək sərfəlidir: «Amerika dolları, manatımız orda bahadır. Buna görə oradan nə alsaq, sərf edir. Eyni ölçüdə olan xalça burda 350 manatdır, İranda isə 150 manata satırlar. Sərf edir. İran tərəfi ərzaq məhsullarını buraxmır. Tutaq ki, 2 kiloqram düyü gətirirsən, ona dəymirlər...».

Həmin şəxsin sözlərinə görə, virusla bağlı həm İran, həm də Azərbaycan gömrüyündə yoxlamalar aparılır: «Qızdırmanı yoxlayırlar. Ciddi yoxlayırlar. Kimdən şübhələnirlər, aparırlar xüsusi otaqlara, təzədən orada yoxlayırlar. İran Astarasının «Rus bazarı»nda oldum. Oraya İranın bütün bölgələrindən adamlar gəlir. Virusla bağlı narahatlıq gördüm...».



Gömrük məntəqəsinin ətrafında müştəri gözləyən  taksi sürücüsü  isə deyib ki, son günlər Azərbaycana gələn iranlıların da sayı artıb:  «Elə olur ki, bir nəfər maşının pulunu ödəyir, deyir, sür Bakıya. Adambaşına 10-15 manat alırıq. Qarşıdan Novruz bayramı gəlir (20-21 mart), müsafirlərin də sayı artacaq. Öz ölkələrindən narazılıq edirlər. İmkanı olanlar Bakıda ev alırlar. Elə İrandan gəlib Astara rayonunda ev, torpaq alanlar var. Elə bil, ölkədən qaçırlar. Öz aralarında yeni xəstəlikdən, ölənlərdən danışırdılar. Narahat idilər...».
Rusiyaya məxsus TIR sürücüsünün bildirdiyinə görə, Çində yayılan koronovirus onların işini pozub, qazanclarını əlindən alıb. «Bu virus məsələsi işimizi pozub. Biz Monqolustandan ət, Çindən tərəvəz məhsulları daşıyırdıq. O tərəflərə getməkdən qorxuruq. İrana üz tutmuşuq. Burda bizə məlumat verdilər ki, İranda da həmin virusdan ölənlər var. Çaşıb qalmışıq. Düzdür, biz İrana keçəndə hər iki gömrükdə bizi yoxlayırlar. Hara gedək? Ailəmizi dolandırmaq məcburiyyətindəyik”,-sürücü deyir.



İran İslam Respublikasında artıq 13 nəfərin koronavirusa yoluxduğu qeyd edilir. Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb. İranda son günlər həmin virusdan 4 nəfərin öldüyü vurğulanır. Koronavirusun insana yoluxandan sonra inkubasiya dövrü azı 14 günə qədər çəkə bilər. Ona görə də mütəxəssislər sərhədlərdən keçənlərin temperaturunun yoxlanılmasını effektiv üsul hesab etmirlər.
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 21-02-2020, 16:50