mobil versiya

3D çaplı qapaq ürək xəstəliklərinin müalicəsində inqilab yarada bilər



ABŞ-da hər il 5 milyondan çox insana ürək qapağı xəstəliyi diaqnozu qoyulur, lakin uzunmüddətli və effektiv müalicə metodları hələ də məhduddur. Mövcud ürək qapağı əvəzetmələri adətən heyvan toxumasından hazırlanır və onların ömrü orta hesabla 10-15 il təşkil edir. Xüsusilə pediatrik xəstələr üçün alternativlər məhdud olduğundan bu texnologiyalar tez-tez təkrarlanan, riskli və bahalı cərrahi müdaxilələr tələb edir.

Reportyor.az xəbər verir ki, Azərtac “MedicalXpress” portalına istinadla bildirir ki, Georgia Texnologiya İnstitutu və Emory Universitetinin tədqiqatçıları “bioresorbable” materiallardan hazırlanmış və 3D çap texnologiyası ilə istehsal edilən yeni ürək qapağı implantı hazırlayıblar.

Bu innovativ texnologiya implantasiya edildikdən sonra bədən tərəfindən tədricən sorulacaq və onun yerində xəstənin öz toxuması böyüyərək orqanizmin ehtiyaclarına uyğun yeni bir qapaq formalaşdıracaq. Layihəyə universitetin professorları Lakshmi Prasad Dasi və Scott Hollister rəhbərlik edirlər. Dasi ürək qapağı funksiyası və mexanikası sahəsində aparıcı tədqiqatçı S.Hollister isə toxuma mühəndisliyi və pediatrik tibbi cihazlar üzrə ixtisaslaşmış mütəxəssisdir. Tədqiqatçılar hesab edirlər ki, bu yeni texnologiya mövcud ürək qapağı implantlarından köklü şəkildə fərqlənir və xəstənin öz bədənində regenerasiya olunan qapaqların inkişafına imkan verərək kardiocərrahiyyədə paradiqma dəyişikliyi yarada bilər. Hazırda 3D çaplı ürək qapaqları və “bioresorbable” materiallar ayrıca istifadə edilsə də, ilk dəfə olaraq bu iki texnologiya birləşdirilərək rezorbiyalı forma-yaddaş materialından hazırlanmış cihaz yaradılıb.
Layihədə tədqiqatçı Sanchita Bhat qeyd edir ki, əsas məqsəd mövcud “bir ölçü hamıya uyğun gəlir” yanaşmasından uzaqlaşmaq və fərdi anatomiyaya uyğunlaşan, daha uzunömürlü implantlar hazırlamaqdır. İlk mərhələdə tədqiqatçılar optimal “bioresorbable” materialların müəyyən edilməsi və müxtəlif prototiplərin sınaqdan keçirilməsi üzərində çalışıblar. Nəticədə poli (qliserol dodekandioat) adlı biouyğun materialdan istifadə edərək 3D çap vasitəsilə ürək qapağı istehsal olunub.
Bu materialın əsas üstünlükləri aşağıdakılardır:
• Forma yaddaşı xüsusiyyəti - Açıq ürək əməliyyatı tələb etmədən, kateter vasitəsilə qatlana bilən və bədənə daxil edildikdə orijinal formasına qayıdan struktur.
• Bioresorbsiya xüsusiyyəti: İmplantasiya edildikdən sonra bədən temperaturuna çatdıqda yeni toxuma inkişafını stimullaşdıraraq bir neçə ay ərzində tamamilə sorulur.
• Fərdi uyğunlaşma: Hər bir xəstənin anatomiyasına uyğunlaşdırıla bilən dizayn.
Pediatrik xəstələr üçün mövcud müalicə üsulları ciddi məhdudiyyətlərə malikdir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq mövcud ürək qapaqları zamanla ölçüsünü dəyişdirə bilmədiyindən onlar çoxsaylı təkrar əməliyyatlara ehtiyac duyurlar. “Bioresorbable 3D” çap texnologiyası bu problemi həll edərək xəstənin öz toxumasının böyüməsinə və qapağın təbii şəkildə adaptasiya olunmasına imkan verir.
Tədqiqat qrupunun üzvü Srujana Joshi qeyd edir ki, optimal dizayn və materialın seçilməsi uzunmüddətli laboratoriya tədqiqatlarını tələb edir. Hazırda tədqiqatçılar bu yeni qapaqların mexaniki dayanıqlığını hesablama modelləri və laboratoriya sınaqları vasitəsilə qiymətləndirirlər. Georgia Tech-də aparılan sınaqlarda ürək simulyasiyası qurğusundan istifadə edilir ki, bu da implantların real ürək fiziologiyasına uyğun şərtlərdə test edilməsinə imkan yaradır. Ürək qapağı əvəzedici texnologiyalarının inkişafı üçün bioresorbable materialların 3D çap ilə birləşdirilməsi böyük potensiala malikdir. Dasi və Hollister qeyd edirlər ki, bu texnologiya ilkin olaraq pediatrik xəstələr üçün tətbiq edilə bilər, lakin gələcəkdə böyüklər üçün də standart müalicə üsuluna çevrilməsi mümkündür.
Tədqiqatçılar ümid edirlər ki, bu innovasiya ürək cərrahiyyəsində yeni dövrün başlanğıcını qoyacaq və toxuma mühəndisliyi ilə tibbi cihazların daha geniş tətbiqini təşviq edəcək. Bu tədqiqat ürək xəstələri üçün daha az invaziv, daha uzunömürlü və bədənin öz təbii regenerasiya qabiliyyətindən istifadə edən yeni müalicə imkanları vəd edir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 10:21