mobil versiya

Prezident müşavirədə Elman Rüstəmovu sorğu-suala tutub



Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov məruzə ilə çıxış edib. Məruzədən sonra dövlət başçısı baş bankirə suallar ünvanlayıb.

REPORTYOR.AZ müşavirənin həmin hissəsini təqdim edir.

Prezident İlham Əliyev: Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir?

Elman Rüstəmov: Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur.
Prezident İlham Əliyev: Bəli, əmanətlərdə.

Elman Rüstəmov: Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb.

Prezident İlham Əliyev: Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov: Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb.

Prezident İlham Əliyev: Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov: Son iki ildə.

Prezident İlham Əliyev: Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.

Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər.

Prezident İlham Əliyev: Bu da iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni, əsas indikatorlardan biridir.

Elman Rüstəmov: İqtisadiyyatın sağlamlaşdırılmasını, kreditlərin ucuzlaşmasını özündə əks etdirəcək.

Prezident İlham Əliyev: İndi siz deyirsiniz ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər.

Elman Rüstəmov: Bunları edəcəyik cənab Prezident.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 14-01-2020, 09:44