mobil versiya

Turqay Vəlizadənin iç üzü




Dəyərli dostlar, öncəliklə dəstəyiniz üçün hər birinizə təşəkkür edirik. Yazım bir az uzun olacaq. Üzrlü sayın. Dünəndən bəri teatrdan niyə kənarlaşdırıldığımız soruşulur. Bu sual böyük ehtimalla Turqay Vəlizadə adlı şəxsə də veriləcəkdir. Və onun verəcəyi cavabı bilirik.

"İşə gəlmirdilər, xəbərdarlıq etdik, yenə də gəlmədilər. Ona görə də işdən çıxarıldılar." Bəri başdanca onu qeyd edək ki, boykot elanımız əvvəlcədən bütün rəsmi qurumlara, o cümlədən, Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinə, Mədəniyyət Nazirliyinə, bədii rəhbərin özünə və teatrın direktoruna bildirilmişdir. Biz bu adamla çalışmayacağımızı dəfələrlə həm sözlü, həm də yazılı formada qeyd etdik. Yəni işə getməməyimiz işləmək istəmədiyimizə görə yox, bu adamı rəhbər olaraq görmək istəmədiyimiz üçün idi. Bizə çox maraqlıdır, bir insan istənilmədiyi yerdə necə dura bilir? Səmimi deyirəm, mən öz qurduğum və rəhbəri olduğum teatrda hiss etsəm ki, əksəriyyət məni rəhbər olaraq görmür, həmin andaca öz istəyimlə gedərəm. Çünki bu həm də qürur və şərəf məsələsidir. Bu qədər insanı işdən çıxarmaq yerinə, mən nə etdim də, bu qədər insan mənə qarşı çıxır deyə düşünmək daha doğru olardı.

Qayıdaq bu insanla niyə çalışmaq istəmədiyimizin səbəblərinə. "Era Teatrı" olaraq yeni-yeni parıldadığımız zamanlarda tamaşalarımızın məşqlərini Azərbaycan teatrında edirdik. Mən oranın rəsmi aktyoru olduğum üçün, sağ olsunlar keçmiş bədii rəhbər və direktorumuz buna daim şərait yaradırdılar. Turqay Vəlizadə təyin olunduqdan cəmi bir neçə saat sonra teatrın nəzarətçisi vasitəsilə bizə xəbər göndərdi ki, sabahdan teatra gəlməyin. İllərdir bərabər çalışdığımız, güya özümüzünküdür dediyimiz adam, teatrın yüz cür problemləri ola-ola, ilk addım olaraq teatrsevən azərbaycanlı gəncləri oradan kənarlaşdırdı. Nə isə, bu mənimlə Turqay arasındakı özəl məsələdir deyib bu mövzunu bir müddətlik qapatdım. Və daha sonra Turqaydan tamaşalarda yer almaq üçün rol tələb etdim. Bu gün işdən çıxarılan bütün aktyorlar Turqayın hazırlamaq istədiyi tamaşaların məşqlərinə gedib-gəlirdilər.



Turqay Vəlizadə

Hər şey ilk başlarda yaxşı kimi görünsə də, Turqay bəy qəflətən 180 dərəcə dəyişməyə, daha doğrusu iç üzünü göstərməyə başladı. Verilən sözlər tutulmamağa, əməkdaşlara təzyiq göstərməyə, ikidə bir "sizi işdən çıxararam" sözündən "kozır" kimi istifadə etməyə başladı. Turqay Vəlizadə bir müddət sonra o qədər harınladı ki, Socarın teatrın bütün əməkdaşlarına dəstək üçün köçürdüyü pulları belə öz ağa kefinə görə bölməyə başladı. Məsələn, teatrda ən az maaş alan aktyor mən olsam da, mənə heç bir zaman Socarın pulundan mükafat köçürülmədi. Lakin Turqayın 2-3 aydır teatra gətirdiyi, üzünü belə görmədiyimiz işçiləri bu puldan faydalandılar. Uzun illər çətin şərtlərdə, soyuqda-istidə, səhər-gecə demədən çalışan bəzi əməkdaşlara isə bir qəpik belə köçmədi. Məsələ əlbəttə ki, pul deyil. Əsas məsələ özbaşınalıqdır və biz məhz buna yox demək üçün boykot elan etdik.

Son olaraq, bizi işləməməklə günahlandıran Turqay Vəlizadə! Sən xaricdə öz kefin üçün gəzəndə, teatrın yolunu belə unudanda, həmin bu işdən çıxardığın şəxslər idi teatr üçün əziyyət çəkən. Təsdiqləyə bilərlər, şəxsən mən Anar Rafiqoğlu teatrımızın varlığından belə xəbəri olmayan bəlkə də yüzdən çox gənci teatrla tanış etmişəm. Mən aktyor olmağıma baxmayaraq yeri gəlib könüllü olaraq dostlarımı da yığıb teatrın zibillərini təmizləmişəm. Mən aktyor olmağıma baxmayaraq yeri gəlib bütün dostlarıma bilet satmışam ki, teatrımız inkişaf etsin. Və indi sən, məni və illərdir o teatra enerjisini qoyan insanları işləməməklə günahlandırıb işdən çıxarırsan? Bil ki, bununla da sən teatrda öz sonunun başlanğıcını yaratdın!

SON XƏBƏR / KARUSEL / DÜNYA / YAZARLAR
Tarix: 27-03-2020, 16:02