“AzerGold” Daşkəsəndə yenidən qurulmuş minifutbol, voleybol-basketbol meydançaları istifadəyə verilib
24-28 oktyabr tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayon məktəbləri arasında Vətən müharibəsi şəhidi Rauf Əsgərovun xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib.
Daşkəsən Gənclər və idman idarəsinin təşkilati dəstək göstərdiyi turnirdə Daşkəsən rayonunun 2009-2011-ci il təvəllüdlü şagirdlərindən ibarət 6 məktəb komandası – İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb, Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəb, Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb, Zahir Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi, Mikayıl Mustafayev adına Bayan kənd tam orta məktəbi və Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbinin komandaları iştirak ediblər.
28 oktyabr tarixində QSC-nin törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin balansında olan minifutbol, universal voleybol-basketbol meydançalarının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə təşkil edilən turnirin final qarşılaşması çərçivəsində sözügedən meydançaların rəsmi açılışı olub.
Final qarşılaşmasından əvvəl “AzerGold” QSC-nin kollektivi Gəncə Şəhidlər Xiyabanında şəhid Rauf Əsgərovun məzarını ziyarət edərək, üzərinə əklil və gül dəstələri qoyub, mərhumun xatirəsini yad ediblər.
Meydançaların açılış mərasimində iştirak edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov, Gənclər və İdman Nazirliyinin, həmçinin rayon ictimaiyyətinin nümayəndələri turnirin final qarşılaşmasını da izləyiblər.
Final oyununda Anar Mürsəlov adına 2 saylı tam ora məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerlərə isə müvafiq ardıcıllığa uyğun olaraq Zahir Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi və Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbinin minifubol komandaları tutub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov minifutbol turinirinin qaliblərini təbrik edib. Bildirilib ki, yenidən qurulan meydançaları regionların sosial-iqtisadi inkişafı ilə bağlı cənab Prezidentin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq Daşkəsəndə idmanın inkişafı, sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin fiziki tərbiyyəsi və asudə vaxtlarını səmərəli keçirmələrinə töhfə vermək məqsədi daşıyır. Qeyd olunub ki, cənab Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasət nəticəsində bu gün bölgələrimiz hərtərəfli inkişaf edir, əhalinin rifah halı daim yaxşılaşdırılır, həssas kateqoriyalardan olan vətəndaşlarımız yüksək qayğı və diqqətlə əhatə olunur. Eyni zamanda bildirilib ki, gənclərimizin sağlam inkişafı, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm işlər görülür. Vurğulanıb ki, dövlətimizin başçısı tərəfindən paytaxt Bakı ilə yanaşı, regionlarda istifadəyə verilən müasir olimpiya idman kompleksləri, beynəlxalq standartlara cavab verən stadionlar ölkə gənclərinin məhz idmana marağının artırılmasına, Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunun daha da yüksəlməsinə gətirib çıxarır. Bu xüsusda Daşkəsəndə açılışı olan yeni idman infrastrukturu məhz cənab Prezidentin dövlət qurumları qarşısına qoyduğu tapşırıq və tövsiyyələri əsasında aktiv korporativ sosial məsuliyyət siyasəti həyata keçirən “AzerGold” QSC-nin bölgədə yaşayan uşaq, yeniyetmə və gənclərin idmana marağının yüksəldilməsi, ümumilikdə idmanın kütləviliyinin artırılmasına xidmət edir.
“AzerGold” QSC tərəfindən istifadəyə verilən idman meydançalarının Daşkəsəndə idmanın inkişafına bilavasitə təsir edəcəyin əminliyini vurğulayan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev minifutbol turnirində iştirak edən məktəb komandalarının timsalında istedadlı gənclərimizin potensialının üzrə çıxarıldığını qeyd edib. Əhəd Abıyev QSC tərəfindən rayonda gənclərin inkişafına xidmət edən bir sıra uğurlu sosial-mədəni layihələrin rellaşdırıldığı, bu layihələrin rayonun sosial-iqtisadi inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov isə çıxışında regionalarda minifutbol meydançalarının istifadəyə verilməsinin və mütəmadi olaraq turnirlərin keçirilməsinin bölgələrdə, o cümlədən Daşkəsəndə minifutbol idman növünün populyarlığının artmasına təsir edəcəyini diqqətə çatdırıb.
Çıxışlardan sonra miniftubol turnirində qalib gələn məktəb komandaları, həmçinin “Ən çox qol vuran oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə qaliblər mükfatlandırılıblar. Qaliblərə turnirin kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib.
CƏMİYYƏT