mobil versiya

''BakuBus'' fəaliyyətində ciddi NÖQSAN - 198 avtobusdan 80-i... - VİDEO




''BakuBus'' MMC-nin fəaliyyətində bir sıra neqativ faktlar üzə çıxıb.

REPORTYOR.AZ xəbər verir ki, "BakuBus"un yeni avtobuslardan istifadə etmədiyi aşkarlanıb.

Bu fakt Hesablama Palatası tərəfindən ''BakuBus''un 2019 və 2021-ci ilədək olan dövrdə fəaliyyətinin yoxlanılması zamanı aşkar edilib.

Yoxlamalar bu qurum tərəfindən istifadə olunan ümumilikdə 80,0 mln. manata yaxın vəsaiti əhatə edib.

Müəyyən edilib ki, ''BakuBus''a tələbatdan artıq avtobus alınıb. Buna baxmayaraq, avtobusların sayı sərnişin sayı ilə nisbətdə optimallaşdırılmayıb və yeni marşrut xətləri müəyyənləşdirilməyib. Dövlət vəsaitləri hesabına alınan avtobusların son 5 ildə orta hesabla 25,4 %-i depoda istifadəsiz saxlanıb. 320 ədəd sərnişin avtobusunun hazırkı məlum alış prosesi də nəzərə alınsa, faiz nisbətinin daha da artacağı gözlənilir. Bundan başqa, xaricdən ehtiyat hissələrinin alınması əvəzinə depodakı avtobusların sökülərək ehtiyyat hissələrinin digər avtobusların təmirində istifadə edilməsi faktı üzə çıxıb.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, paytaxtda ictimai nəqliyyatda keyfiyyəti artırmaq məqsədilə 2015-ci ildən başlayaraq dövlət bu quruma böyük vəsait ayırıb.

Araşdırma zamanı sözügedən qurumun balansında olan 303 ədəd "İveco" markalı sərnişin avtobusundan 198 ədədinin istismarını dayandırdığı üzə çıxıb. Təmir işləri üçün resursların cəlb edilməsi əvəzinə istismara yararsız həmin 198 avtobusun 80-nin istifadəyə yararlı müxtəlif ehtiyat hissələri sökülüb.

Ekspert hesab edir ki, ''BakuBus''a dünyanın ən bahalı avtobusları deyil, müasir standartlara cavab verən daha ucuzları alınmalı idi. Çünkü bahalı avtobuslara texniki qulluğun özü də ciddi problemdir.

Ərşad Hüseynovun fikrincə, bütün hallarda bu qədər avtobus bir şirkətə deyil, qanuni əsaslarla idarə edilən digər daşıyıcı şirkətlərə də verilməli idi. Həmin avtobusların idarəetmə riskləri daşıyıcıların üzərində olduğu üçün onlar bu vəsaitləri necə gəldi xərcləməyəcəkdilər və bu sahədə rəqabət yaranacaqdı.
KARUSEL / ÖLKƏ
Tarix: 22-04-2022, 11:44