mobil versiya

Azərbaycanın qazancı üçqat artacaq - Millət vəkili




Bu yaxınlarda İqtisadiyyat naziri Mikayıl Cabbarov "yüksək qiymətlərdən sonrakı böhran"a haqqında danışdı.

Bildirdi ki, böhrana hazır olmalı və planlarımızı buna görə qurmalıyıq. Əslində böhranın labüdlüyü haqqında xeyli vaxtdır danışılır, amma ilk dəfə rəsmi səviyyədə belə bəyanatın verilməsi hökumətin də məsələni diqqətdə saxladığını təsdiqlədi.


Elmlər doktoru, professor, millət vəkili Rüfət Quliyev mövzu ilə bağlı Bakupost.az -a açıqlama verib.



R. Quliyev qeyd edib ki, iqtisadi böhran ümumbəşər problemdir və bundan qorxmaq lazım deyil. Bu böhran zamanı ən az problemlə Azərbaycan üzləşəcək:


"Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş dövlətdir. Praqmatik siyasət nəticəsində maliyyə cəhətdən o qədər də asılı deyilik. Dünyanın aparıcı banklarından o qədər də kredit almamışıq. Əlimizdə olan qızıl valyuta ehtiyatları ilə xarici borcu bağlaya bilərik. Eyni zamanda isadiyyatımıza arxayın olan dövlətik. Bu gün ABŞ-ın 31 trilyon dollar borcu var. Bu hardasa ümumi daxili məhsuldan 20-30% çoxdur. Təkcə Almaniyada borc məsələsinə diqqət edirlər, qalan ölkələrin, o cümlədən İtalya və Yaponyanın 200 % borcu var. Dünyada ümumi borc bütün bəşəriyyətin ümumi daxili məhsulundan 2.8 dəfədən də çoxdur".


Millət vəkili dünyada gedən iqtisadi proseslərin Azərbaycana təsirindən də danışıb:


"Təbii ki, dünya iqtisadiyyatında gedən prorseslər Azərbaycana müəyyən təsirini göstərir. Bundan qaça bilmərik. İnflyasiya bizə idxalla gəlib. Əgər idxal çox olmasaydı, 3-4% inflyasiya olacaqdı. Lakin daha çox idxaldan asılı olduğumuz üçün inflyasiya 12,5 %-ə çatıb. Bu gerçəkdir ki, dünya iqtisadiyyatında müəyyən problemlər yaranacaq. Amma fikrimcə, dünya iqtisadiyyatını idarə edən qruplar öz mənafeyinə görə imkan verməyəcəklər ki, problemlər artsın. Çalışacaqlar ki, hansısa bir formada bunu cilovlasınlar. Bizim düşünülmüş, praqmatik, realist siyasətimiz var. Həmçinin Azərbaycanda dünya iqtisadi böhranına hazırlıq üçün xüsusi proqramlar işlənib. Bu gün Qarabağı iqtisadi region kimi inkişaf etdirib faydasını görəcəyik. Hazırda 100 min hektardan çox torpaq hazırdır və əkib-becərilir. Qarabağda kənd təsərrüfatını, turizmi inkişaf etdirib, emal müəssisələri qurularsa, Azərbaycanın qazancı üçqat artacaq".


R.Quliyev Azərbaycanda antiinflyasiya proqramlarının həyata keçirildiyini də bildirib: "Ancaq ölkə daxilində bolluğu təmin etmək lazımdır. Cənab Prezident bütün iqtisadi subyektlərə, dövlət orqanlarına daha effektiv çalışmaları üçün tapşırıq və tövsiyələrini verib. Bu gün əgər iqtisadi subyekt 5% qazancla işləyirsə, o gərək 15% olsun. Bu gün AZAL, SOCAR, "Azərbaycan Dəmir Yolları" QSC kimi qurumlar effektiv işləməlidir. SOCAR dövlətin içində iqtisadi bir dövlətdir. Ona görə də bunun effektivliyini tam görməliyik".


Professor kiçik və orta sahibkarlığın sürətlə inkişafına ehtiyac olduğunu da diqqətə çatdırıb: "Kiçik və orta sahibkarlığın istehsal etdiyi malların, xidmətlərin ümumi daxili məhsulda payı 50%-i keçməlidir. Bu gün bu pay təxminən 30 %-ə qədərdir. Amma cənab Prezident qarşımıza məqsəd qoyub ki, bu pay 2025-ci ildə 50%-i keçməlidir. Məhsul və xidmətin nisbətini 50%-ə qədər çıxarmalıyıq. Hazırda Almaniyada bu göstərici 50-55%, Fransada 60%, Yaponiyada 60%, ABŞ-da 60%, İtalyada 65%-dir. Almaniyada 99% işlək əhali kiçik və orta sahibkarlıq sektorundadır. UDM-in cəmi 1%-i nəhəng Alman şirkətlərinin payına düşür. Bunun hesabına həm sosial problemlər həll olunur, həm ümümi daxili məhsul qalxır, həm valyuta ehtiyatları artır, həm də ölkənin inkişafı sürətlənir".

KARUSEL / ÖLKƏ
Tarix: 10-08-2022, 15:00