mobil versiya

Məşələri kim yandırır? - Ekoloqdan ilginc açıqlama



“Azərbaycanda baş verən meşə yanğınlarının 90-95 faizi insan faktoru ilə bağlıdır”.

Bunu ekoloq Fikrət Cəfərov Şabranda baş verən meşə yanğınları ilə bağlı Bakupost.az-a açıqlamasında deyib.

F.Cəfərov əhalinin təbiətlə davranış mədəniyyətinin çox da yüksək olmadığını qeyd edib:

“Müşahidələr göstərir ki, ölkəmizdə meşə yanğınları yol olan yerlərdən başlayır. Məsələn, yolla gedən avtomobillərdən yanan siqareti yol kənarına atırlar. Aydındır ki, isti havada siqaret yol kənarında quru ot üzərinə düşür və yanğın baş verir. Digər bir faktor taxıl biçəndən sonra fermerlər tərəfindən samanın yandırılmasıdır. Bu da tarlaların ətrafında olan meşələrdə yanğına səbəb olur. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri taxılla birbaşa məşğul olan insanlara bununla bağlı xəbərdar edirlər. Lakin hazırda turizm mövsümüdür, insanlar meşələrə, çay kənarlarına istirahətə yollanır, kabab bişirir, ocağı söndürmür və bu dasonradan yanğına səbəb olur. Bir sözlə, Azərbaycanda yanğınlar birbaşa insan davranışı ilə bağlıdır. Təbii faktorlarla yanğınlar demək olar, baş vermir”.

Ekoloq yanğınların qəsdən törədilməsi ilə bağlı fikirlərin həqiqətə uyğun olmadığını bildirib:

“Son günlərdə baş verən yanğınları təhlil edərkən, qəsdən törədilmə ilə bağlı heç bir əsas olmadığı üzə çıxır. Çünki yanğınlar yaşayış yerlərindən uzaqda, əsasən, insanların istirahət üçün getdiyi ərazilərdə baş verir ki, bu da ehtiyatsız, məsuliyyətsiz davranışdan irəli gəlir”.

F.Cəfərov meşələrin bərpası ilə bağlı məsələyə də diqqət çəkib:

“Yanğından sonra meşələrinin bərpası çox gec olur. Ən azı 10-15 il vaxt çəkir. Meşələrimiz Böyük və Kiçik Qafqaz dağlarının ətrafındadır. Lazım olan vaxtda yağışlar yağmır. Yəni, meşələrin təbii artımı, bərpası çox çətindi. Ancaq 5-6 ilə insanların köməyilə bərpası mümkündür. Bu da böyük vəsait tələb edir. Lakin meşələrin bərpası üçün qulluq daimi olmalıdır. Digər tərəfdən, yanğınlar səbəbindən həddindən artıq toksiki qazlar və toz əmələ gəlir. Bu da insanların sağlamlığına təsir edir. Kənd təsərrüfatı sahələri də sığortalanmalıdır. Belə yanğın hallarında sığorta kəndlinin, sahibkarın pulunu ödəməlidir. Lakin hələ ki bizdə belə hal yoxdur”.

KARUSEL / HADİSƏ
Tarix: 19-08-2022, 13:45