mobil versiya

TƏBİB-in nümayəndə heyəti “ArabHealth 2023” sərgisində iştirak edir



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yanvarın 30-dan fevralın 3-dək Dünya Ticarət Mərkəzində keçirilən dünyanın ən böyük səhiyyə sərgilərindən biri - “ArabHealth 2023” sərgisində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentindən bildirilib ki, nümayəndə heyəti ABŞ, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Finlandiya, Almaniya kimi ölkələrin pavilyonlarını ziyarət edib, birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub, fikir mübadiləsi aparılıb. Sərginin Transformasiya zonasında təqdim olunan tibb sahəsindəki startaplarla bağlı məlumatlar əldə olunub. Tibbi reabilitasiya zonasında isə reabilitasiyanın son yenilikləri və texnologiyaları ilə tanış olublar.
Fevralın 2-də isə TƏBİB-in nümayəndə heyəti sərginin ən önəmli konfranslarından olan “Future Health Summit”də iştirak edəcək. Dubayın məşhur “Gələcəyin muzeyi”ndə keçiriləcək bu konfrans dünyada tibb sənayesinin aparıcı liderləri ilə əlaqə qurmaq və “Metaverse”in səhiyyədə genişlənən rolunu müzakirə etmək üçün önəmli imkanlar yaradacaq.
Qeyd edək ki, sahəsi və iştirakçılarının sayına görə dünyanın ikinci ən böyük sərgisi olan “ArabHealth” bu il 66 ölkədən rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə, 4 200-dən çox yerli və xarici şirkət sərgidə 170 ölkədən 60 000-dən çox peşəkar ziyarətçiyə ən son texnologiyaları və həlləri təqdim edir.
47 ildir ki, “ArabHealth” sərgisi səhiyyə sahəsində ən son yenilikləri bütün sərgi iştirakçılarının və ziyarətçilərin diqqətinə çatdırır.
Sərgi biznes, liderlik və davamlı tibb təhsili (CME) üzrə bir sıra konfrans və seminarlarla müşayiət olunur ki, burada ən son yeniliklər və ən yaxşı təcrübələr, metodlar və bacarıqlar haqqında məlumat verilir.
“ArabHealth”in baş qərargahı Böyük Britaniyada yerləşən dünyanın ən böyük sərgi şirkəti – “İnforma Markets” tərəfindən təşkil olunur. Azərbaycanın “Profex Group” şirkəti də MDB və Baltikyanı ölkələrdə “İnforma Markets” şirkətinin rəsmi və eksklüziv tərəfdaşıdır. Dünyanın 43 ölkəsində yerləşən 150 şirkətin ofisində çalışan 3 500-dən çox işçi illik 2 000-dən çox sərgi və konfransın uğurla təşkilini təmin edir. Bura BƏƏ, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Braziliya, Avropa, ABŞ, Cənub-Şərqi Asiya və digər ölkələrdə keçirilən səhiyyə, əczaçılıq sərgiləri daxildir. ( AZƏRTAC)

KARUSEL / CƏMİYYƏT
Tarix: 31-01-2023, 17:43