mobil versiya

Ağdaşda narkotikə görə 18 nəfər saxlanılıb



Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq etməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, rayonun Yuxarı Qəsil və Kükəl kəndləri ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvanların oğurlanması barədə bir neçə zərərçəkmiş tərəfindən polisə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Rəhilə Qurbanova, onunla qeyri-rəsmi münasibətdə yaşayan Ayaz Vəliyev və qadının yetkinlik yaşına çatmayan qohumu saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin ayrı-ayrı tarixlərdə oğurladıqları heyvanları A.Vəliyevə məxsus avtomobillə Kürdəmir rayonuna apararaq orada satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən olunub.
Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri- Rafiq Hacıyev, Elsevər Zakirov, Qurban Şəkərəliyev, Elşad Qədirov və Elnur İbişov saxlanılıb. Onların xüsusi qulluq göstərməklə yetişdirdikləri, ümumi çəkisi 25 kiloqrama yaxın çətənə kolları, eləcə də Rafiq Hacıyev və Elsevər Zakirovdan əlavə qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Rayon ərazisində narkotik vasitələrin satışı, eləcə də qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə daha 10 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 2 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 16-08-2023, 10:42