mobil versiya

Ağdamda çətənə kolu plantasiyası aşkar edilib



Ağdamın Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə kolu plantasiyası aşkarlanıb.
Vaxtilə ərazi separatçılar tərəfindən mühafizə olunurmuş. Burada gözətçi qülləsi də var. Axtarış zamanı ərazidən 4 ədəd avtomat silah da aşkarlanıb.
Sırxavənd kəndi Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçılardan təmizlənib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, işğaldan azad olunan ərazilər narkotik tranziti üçün istifadə olunurdu: "Hazırda ekspertizalar davam edir. Ekspertizanın nəticələrindən sonra bir çox məqamlara aydınlıq gələcək. Narkotik plantasiyalarındakı ən diqqətçəkən məqamlardan biri ərazidə gözətçi məntəqəsinin olmasıdır. Bununla terrorçular ərazini müşahidə edirdilər".
Düzən yerlərlə yanaşı, həm də dağ yamaclarında narkotik vasitələrinin əkilib-becərilməsi, kultivasiyası ilə məşğul olublar. Başqa bir nüans, ərazi yoxlanılarkən məlum oldu ki, plantasiya salınmış ərazinin ətrafında mina təhlükəsi var. Piyada əleyhinə xeyli sayda mina basdırılıb. Bu ərazi yoxlanılarkən aydın oldu ki, ərazini xüsusi olaraq hətta özlərindən belə qoruyublar. Yəni burada saldıqları plantasiya ərazisinə hansısa kənar müdaxilə olmasın.
DİN sözçüsü deyib ki, hazırda daxili işlər orqanlarının əməkdaşları tərəfindən ərazidə müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılıb. Aşkar edilən çətənə kollarının bir hissəsi çıxarılıb və aqronom mütəxəssislər əraziyə dəvət olunub: "Araşdırmalarla aydın olur ki, bu da eynilə Qarabağ iqtisadi rayonunun digər bölgələrində əkilən çətənə bitkisinin "Sativa" növüdür. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağ iqtisadi rayonunun bir çox bölgələrində, rayonlarında, kəndlərində narkotik vasitələrin geniş əkilib-becərilməsi və narkoticarətin təşkil edilməsi geniş vüsət alıb. Aşkarlanan bütün faktlar bir daha sübut edir ki, bu hallar zonanı idarə edən separatçı qrupların fəaliyyətinin əsas tərkib hissəsi olub".



KARUSEL / HADİSƏ
Tarix: 6-10-2023, 16:19