Kibertəhlükəsizlik İndeksində Azərbaycan 36 pillə yüksəlib - Əli Nağıyev
Ölkə başçısının müvafiq Fərmanına uyğun olaraq, hazırda Milli Kibermərkəzin qurulması istiqamətində işlər həyata keçirilir.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.
"Onu da qeyd edim ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönümündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir və bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, həmçinin qlobal kiberməkanda mövqeyimizin gücləndirilməsinə xidmət edir.
Xüsusilə vurğulamaq istəyirəm ki, möhtərəm Prezident cənab İlham Əliyevin kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnmişdir. Belə ki, Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan Respublikası 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə kimi irəliləmişdir. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqedir",- deyə Ə. Nağıyev bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir.
KARUSEL / SİYASƏT
Tarix: 26-10-2023, 11:31