mobil versiya

Ombudsman beynəlxalq tədbirdə işğal və hərbi münaqişələrin ətraf mühitə mənfi təsirindən danışıb


Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin Pakistanda keçirilən 10-cu iclasında iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, Pakistanın Federal Vergi Ombudsmanının ev sahibliyi etdiyi, Türkiyə, Mərakeş, İndoneziya, Bəhreyn və Bolqarıstan ombudsmanlarının təmsil olunduğu tədbirdə çıxış edən S.Əliyeva silahlı münaqişələrin və təbii fəlakətlərin artması nəticəsində insan hüquq və azadlıqlarının təmini sahəsində ciddi problemlərin yarandığını diqqətə çatdırıb. O, insanların fundamental hüquqlarının kobud şəkildə pozulduğunu, məcburi miqrasiyanın artdığını qeyd edib.
Ombudsman bu hadisələr fonunda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması istiqamətində təşəbbüslərin zəiflədiyini bildirib, həmin çağırışların təşviqində milli insan hüquqları institutlarının mühüm rolunu vurğulayıb.
O, işğal və hərbi münaqişələrin ətraf mühitə mənfi təsirindən də danışıb. Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə torpaqlarımızda törədilmiş ekoloji terror aktlarından bəhs edərək, azad olunmuş ərazilərimizdəki mövcud mina problemini iştirakçıların diqqətinə çatdırıb.
Ombudsman işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədilə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib.

S.Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçiriləcəyini, bununla bağlı qərarın ölkəmizə böyük etimadın və hörmətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O, bu mövzuda İƏT ölkələrinin Ombudsman təsisatlarının iştirakı ilə birgə tədbirin təşkil olunmasını təklif edib, bu görüşün ətraf mühitin mühafizəsi və təbliğat sahəsində müsbət təcrübələrin mübadiləsi üçün imkanlar yaradacağını bildirib.
İclasda İƏT OA üzvləri arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, Assosiasiyanın beynəlxalq forumlarda təmsil olunmasının vacibliyi vurğulanıb.

KARUSEL / SİYASƏT
Tarix: 30-01-2024, 15:39