Parlamentlərarası İttifaqın baş katibi Ağdamda olub

Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq fevralın 2-də Ağdam şəhərinə səfər edib.
Milli Məclisdən verilən məlumata görə, Parlamentlərarası İttifaqın baş katibini Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Feyziyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər müşayiət ediblər.
Ağdama gələn Parlamentlərarası İttifaqın baş katibinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar Ağdam şəhərində ermənilərin yerlə-yeksan etdikləri binaların, o cümlədən Ağdam Dram Teatrının qalıqlarına baxıblar, Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, Ağdamda hər şeyi məhv edən erməni vandalları buradakı qəbirləri də dağıdıblar.

KARUSEL / SİYASƏT
Tarix: 2-02-2024, 16:54