mobil versiya

Peycer"ləri istehsal edən şirkətin rəhbəri də "Mossad" agentidir


Məlum olduğu kimi, 17-18 avqust tarixlərində Livanın müxtəlif yerlərində törədilən terror aktı - "peycer" rabitə qurğularının partladılması minlərlə insanın yaralanmasına və  ondan artıq insanın ölümünə səbəb olub. Eyni anda partlayan rabitə qurğularının əsasən "Hizbullah" üzvləri tərəfindən istifadə olunduğu bildirilir.

Sözügedən terror aktını İsrailin "Mossad" kəşfiyyat xidmətinin planlaşdıraraq həyata keçirdiyi bildirilir. İlkin ehtimallara görə, "Hizbullah" üzvlərinin istifadə etdiyi "peycer"lər Macarıstanın paytaxtı Budapeştdə yerləşən və "Mossad" tərəfindən qurulduğu iddia edilən "BAC Consulting KFT" şirkəti tərəfindən istehsal olunub. İstehsal mərhələsinə "Mossad"ın qurğulara partlayıcı maddə yerləşdirildiyi güman edilir.

Xarici KİV xəbər verir ki, şirkətin baş direktoru Kristiana Rosaria Bársoni-Arkidiakono adlı qadının da məhz "Mossad" agenti olduğuna dair şübhələr var.

49 yaşlı qadının "LinkedIn" səhifəsində yer alan məlumata görə, o, biznes sahəsində strateji məsləhətçi vəzifəsi daşıyır. Həmçinin özünü Beynəlxalq Dayanıqlılıq Qrupu Uşaq İnstitutunun direktorlar şurasının üzvü kimi təqdim edir. Lakin maraqlıdır ki, qrupun internet saytında bu adda idarə heyətinə üzv şəxsin olmadığı görünür. 

Yenə "LinkedIn" profilinə görə, o, İngiltərənin nüfuzlu universitetlərindən biri olan London Kollecində fəlsəfə üzrə təhsili alıb, daha sonra London İqtisadiyyat Məktəbində təhsilini davam etdirib. O, həmçinin Avropa Komissiyasında, YUNESKO-da və Beynəlxalq Atom Enerjisi Agentliyində ekspert vəzifəsində çalışıb. Ətraf mühitin mühafizəsi, blokçeyn texnologiyası və kibertəhlükəsizliklə bağlı məqalələrin müəllifidir.

Bir sıra beynəlxalq KİV-lər məlum terror  aktlarından sonra şirkət direktroru ilə əlaqə yaratmağa cəhd etsələr də, bu mümkün olmayıb. Hadisədən sonra Kristiana ilə əlaqə kəsilib, onun Macarıstandan ayrıldığı bildirilsə də, harada olmasıyla bağlı dəqiq məlumat yoxdur.("AzPolitika.info")

KARUSEL / DÜNYA
Tarix: 19-09-2024, 15:05