mobil versiya

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb



COP29 konfransında iştirak etmək üçün ölkəmizə səfər edən nümayəndə heyətləri, eləcə də yerli iştirakçılar üçün sərnişindaşıma xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə “Bolt” və “Yango” taksi şirkətlərinin mobil tətbiqlərində “COP29” kateqoriyası yaradılıb.


Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu ilin noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a qatılacaq on minlərlə iştirakçının tədbir məkanları arasında rahat gediş-gəlişini təmin etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə tədbir iştirakçıları xüsusi marşrut üzrə hərəkət edəcək avtobuslarla yanaşı, “Bolt” və “Yango” kimi şirkətlərin mobil tətbiqlərindən də rahatlıqla istifadə edə biləcəklər. Bunun üçün həmin taksi şirkətlərinin mobil tətbiqlərinin sifariş menyularına “COP29” kateqoriyası daxil edilib. Bu funksiya sadəcə sifariş prosesini asanlaşdırmır, eyni zamanda, sifarişçiləri ən yaxın taksi dayanacağına yönləndirir. Prosesin təhlükəsizliyini nəzərə alaraq, sözügedən taksi şirkətləri tərəfindən bu kateqoriya üzrə xüsusi avtomobillər ayrılıb və müvafiq stikerlərlə fərqləndirilib.
Bununla yanaşı, rəsmi COP29 tərəfdaşı olan “Baku Taxi” şirkəti də konfrans iştirakçılarına öz xidmətlərini təklif edir. Bu şirkətə məxsus taksilər Heydər Əliyev Beynəlxalq Aeroportundakı “Terminal-1” və Bakı Stadionunun müvafiq ərazilərində xidmət göstərəcəklər. Qeyd edək ki, “Baku Taxi”nin xidmətləri konfransda iştirak üçün akkreditasiyadan keçən və ya iştiraka dair təsdiq məktubu almış təkərli oturacaq istifadəçiləri üçün ödənişsiz olacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 6-11-2024, 15:08