mobil versiya

Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” yaradılır



Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılır.

Reportyor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən müəyyən edilib ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.
Klinikanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə Klinikanın yenidən təşkili və ləğv edilməsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Elm və Təhsil Nazirliyi Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etməli, Klinikanın dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.
Maliyyə Nazirliyi Klinikanın 2025-ci ildə saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.5.5.7-ci (Səhiyyə sahəsi üzrə sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi) abzasında nəzərdə tutulmuş vəsaitdən 5 milyon manatı Qarabağ Universitetinə ayırmalı, Klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə Klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını təmin etməlidir.

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:12