Qanunu pozaraq gəlirini gizlədən şəxslərin sığortalanması özləri tərəfindən həyata keçirilir – Nazir

Qanunvericiliyə edilən son dəyişikliklər əksinə, dövlətin öhdəliyini genişləndirir. Əvvəlki normada bəzi kateqoriyalar göstərilir, digərləri isə sığorta haqqını özü ödəməli olurdu. Amma bu ödənişlərin tətbiqi bəzi dövrlərdə dayandırılmış və ya dondurulmuşdu.
Bunu bu gün maliyyə naziri Sahil Babayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, yeni dəyişikliklə isə dövlətin öhdəliyi əhəmiyyətli dərəcədə artırılıb:
“Əmək qabiliyyəti olmayan şəxslər, işsizlər, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar, tələbələr və digər geniş əhali qrupları birbaşa dövlətin təminatında olur. Öz hesabına sığortalanan şəxslər isə – yəni rəsmi məşğul olan, əmək müqaviləsi ilə çalışanlar, sahibkarlar, kənd təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatları – qanunla müəyyən edilən qaydada öz haqlarını ödəyirlər.
Yeganə istisna – qeyri-formal məşğul olan şəxslərdir. Bu nə deməkdir? Bu şəxslər qanunu pozaraq sahibkarlıq və ya əmək fəaliyyəti ilə məşğul olur, gəlirlərini gizlədir və qeydiyyatdan yayınırlar. Qanun bu şəxsləri məsuliyyət daşıyan kateqoriya kimi müəyyənləşdirir və onların sığortalanması yalnız öz vəsaitləri hesabına, bir dəfəlik ödənişlə mümkündür.
Bəzən kimsə bunu hansısa formada işsiz şəxslərə də şamil etmək istəyirlər. Xeyr, qanun birbaşa göstərir ki, işsiz şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, aktiv VÖEN-i olan şəxslər, qeydiyyata duran ailə fermer, kəndli təsərrüfatları da - yəni, rəsmi şəkildə fəaliyyət göstərən bütün şəxslər, habelə işsiz olan şəxlsərin vəsaiti dövlət tərəfindən təmin edilir. Yalnız qanunu pozaraq gəlirini gizlədən şəxslərin sığortalanması özləri tərəfindən birdəfəlik haqq ödənilərək həyata keçirilir”.
Sahil Babayev qeyd edib ki, bu yanaşmanın məqsədi isə uçotun aparılması və qeyri-formal məşğulluğun rəsmi formaya keçirilməsidir. Hökumət bunun üçün də müxtəlif imkanlar təmin edir. (trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 14:17


























