mobil versiya

Əlilliyi olan şəxslərin məlumat əldə etməsi qanunla tənzimlənəcək



Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qanunvericiliklə tənzimlənəcək.

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qanuna “Azərbaycan işarət dili” anlayışı və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədilə “Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması” məzmununda yeni maddə əlavə olunacaq.
Belə ki, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verəcək. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınacaq.
Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edəcəklər.
Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirəcəklər.
Bundan əlavə, dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq ediləcək.
Qeyd edək ki, qanun layihəsi BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla normativ tənzimləmədə kolliziyanın yaranmamasını və nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi təmin edəcək.(trend)

KARUSEL / SOSİAL
Tarix: Bu gün, 14:21