Aİ Rusiya vətəndaşlarına viza verilməsini dayandırır

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirməyə və faktiki olaraq çoxgirişli Şengen vizalarının verilməsini dayandırmağa hazırlaşır.
Bu barədə “Politico” nəşri üç Avropa rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, yeni qaydalar qəbul edilərsə, Rusiya vətəndaşlarına yalnız birdəfəlik vizalar veriləcək. İstisna yalnız humanitar səbəblərlə müraciət edən şəxslərə şamil olunacaq. Avropa rəsmiləri bu qərarın artıq bu həftə təsdiqlənəcəyini və qüvvəyə minəcəyini bildiriblər. Addımın əsas səbəbi kimi Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi göstərilir.
Xatırladaq ki, Aİ 2022-ci ildə müharibə başlayandan sonra rusiyalılara viza verilməsini artıq çətinləşdirmiş, sənədlərin rəsmiləşdirilməsi xərclərini də artırmışdı. Baltik ölkələri və Çexiya kimi bəzi üzv dövlətlər isə rusiyalıların ölkələrinə girişini tam qadağan etmiş və ya ciddi şəkildə məhdudlaşdırmışdı.
“Politico” qeyd edir ki, Şengen vizalarının verilməsinə dair qərarlar milli hökumətlərin səlahiyyətində qalır. Buna görə də Avropa Komissiyası yalnız müraciət prosesini çətinləşdirə bilər, lakin Rusiya vətəndaşlarının Aİ-yə gəlişinə tam qadağa qoymaq hüququna malik deyil.
Avropa Komissiyasının məlumatına əsasən, 2024-cü ildə rusiyalılar 500 mindən çox Şengen vizası alıblar. Bu göstərici 2023-cü illə müqayisədə bir qədər çox olsa da, müharibədən əvvəlki dövrlə müqayisədə xeyli azdır – 2019-cu ildə bu rəqəm 4 milyondan artıq idi. Ən çox viza verən ölkələr sırasında Macarıstan, Fransa, İspaniya və İtaliya ön sıralarda dayanır.
Bununla yanaşı, Almaniya 2025-ci ilin 1 yanvarından etibarən Rusiya vətəndaşlarının biometrik olmayan xarici pasportlarını qəbul etməyəcək. İstisna yalnız etibarlı Almaniya vizası olan şəxslər üçün nəzərdə tutulur. Beləliklə, Almaniya biometrik pasportları məcburi tələblər siyahısına daxil edən səkkizinci Şengen ölkəsi olacaq. Bundan əvvəl Çexiya, Danimarka, Fransa, İslandiya və Baltik ölkələri analoji qərar qəbul ediblər.
Qeyd edək ki, biometrik pasportlar elektron çip vasitəsilə sahibinin şəxsi məlumatlarını – foto və barmaq izlərini ehtiva edir. Onların etibarlılıq müddəti 10 il, adi pasportların isə 5 il təşkil edir. (“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:38


























