mobil versiya

Tibbi yardım təlimləri keçirilib


Azərbaycan təcrübəsində ilk dəfə olaraq 8 ali təhsil müəssisəsi və 2 kollecdə beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri təşkil edib. Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Həyata dəstək: ilkin tibbi yardım təlimləri" layihəsini uğurla başa çatdırıb.

Bu bardə ÖTMA-dan məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində Azərbaycan təcrübəsində ilk dəfə olaraq ÖTMA “Medic School Training Center” ilə birgə 9 ali təhsil müəssisəsi və 1 kollecdə beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri təşkil edib: “Layihənin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrində tələbələrin və müəllimlərin ilk tibb yardım üzrə bilik və praktiki bacarıqlarını artırmaq, bununla da onların fövqəladə hallara effektiv cavab vermək bacarıqlarını inkişaf etdirmək, daha təhlükəsiz təhsil mühitinin yaradılmasına yardım göstərməkdir”.

Məlumata əsasən, təlimlər Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq protokollarına əsasən sertifikatlaşdırılmış təlimçilər tərəfindən aparılıb. Bu, Azərbaycan təcrübəsində ilk dəfə olaraq təhsil müəssisələrində belə geniş miqyasda ilk tibb yardım təlimlərinin təşkili təcrübəsidir: “Layihə çərçivəsində keçirilən hər bir 4 saatlıq təlim nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edib. İştirakçılar ürək-ağciyər reanimasiyası (CPR), qanaxmaların dayandırılması, tənəffüs yollarının açılması və digər həyati vacib ilk yardım prosedurlarını öyrəniblər. Təlimlərin sonunda test nəticələrinə əsasən uğurlu iştirakçılara sertifikatlar təqdim olunub. Ümumilikdə 200-ə yaxın tələbə və müəllim bu təlimlərdə iştirak edib. Təlimlər Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, UNEC, Xəzər Universiteti, ADMİU nəzdində Humanitar Kollec və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində keçirilib”.

Layihənin yekunları ilə əlaqədar ÖTMA-nın İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, Assosasiya bu layihə ilə cəmiyyət üçün çox vacib töhfə veirb: “İlk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində belə geniş miqyasda beynəlxalq standartlara əsaslanan ilk tibbi yardım təlimlərinin keçirilməsi gənclərin və müəllimlərin həyat qurtaran biliklərlə yiyənlənməsi deməkdir. Bu təlimlər vasitəsilə biz həm təhsil, həm səhiyyə, həm də ictimai təhlükəsizlik sahələrində əhəmiyyətli töhfə verdik. ÖTMA olaraq hesab edirik ki, bu təşəbbüs yalnız bir layihə ilə yekunlaşmamalıdır. Gələcəkdə ölkə üzrə geniş tətbiq olunmalıdır.”
ÖTMA bu təşəbbüsü gələcəkdə ölkənin digər regionlarına da yaymağı, eyni zamanda təhsil müəssisələrində ilk tibbi yardım üzrə daimi təlim proqramlarının formalaşdırılmasına dəstək verməyi planlaşdırır.


Reportyor.az 

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 18:23