“İpoteka haqqında” qanuna dəyişiklik edilib
Azərbaycanda ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizmi təkmilləşdirilib.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulur.
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan ödəyəcək.
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Yeni qanun nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.
İndiyə qədər qüvvədə olan qanunda bu hüququn ipoteka saxlayanlar arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:08


























