mobil versiya

Bakıda TDT media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilir



Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilir.

İclasda TDT Baş katibinin müavini Ömer Kocaman, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi və Özbəkistan Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin Təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak edirlər.

Toplantıda çıxış edən Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, dezinformasiyanın və saxta xəbərlərin qarşısının alınması Azərbaycan üçün prioritet istiqamətdir.
O vurğulayıb ki, Azərbaycan hökuməti KİV-in inkişafına xüsusi diqqət göstərir, bu sahədə dialoqu fəal şəkildə genişləndirir və beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.
Əhməd İsmayılovun sözlərinə görə, Şuşa Qlobal Media Forumu KİV-in inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib.
“2025-ci ilin iyulunda keçirilən Üçüncü Şuşa Qlobal Forumu aparıcı media qurumlarının nümayəndələri, müxtəlif ölkələrdən – o cümlədən Özbəkistan, Qazaxıstan və digər dövlətlərdən gələn ekspertlər və analitiklər də daxil olmaqla geniş iştirakçı dairəsinin diqqətini cəlb edib. Tədbir çərçivəsində rəqəmsal dövrün çağırışları, məlumatların etibarlılığının artırılması yolları və beynəlxalq media əməkdaşlığı üçün yeni imkanlar müzakirə olunub”, – deyə o bildirib.
Ə.İsmayılov qeyd edib ki, Azərbaycan dezinformasiya və saxta xəbərlərlə mübarizəyə xüsusi diqqət yetirir və bu istiqaməti informasiya təhlükəsizliyinin qorunmasının əsas elementlərindən biri kimi qiymətləndirir.
“Azərbaycan peşəkarlığa, ortaq dəyərlərə və əməkdaşlığın bütövlüyünə sadiq qalır. Türk dövlətlərinin qarşılıqlı fəaliyyət platforması maraqlarımızın təşviqi və etimadın möhkəmləndirilməsi baxımından mühüm rol oynayır”, – deyə o vurğulayıb.
TDT Baş katibinin müavini Ömer Kocaman çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) informasiya bütövlüyünün təmin olunması üzrə Təşəbbüsün işə salınması planlaşdırılır.
"Hal-hazırda təşkilatımızın 2027–2031-ci illəri əhatə edən beşillik strategiyası üzərində çalışırıq. Bu strategiya çərçivəsində “TDT-nin İnformasiya Bütövlüyünün Təminatı Təşəbbüsü” adlanan yeni bir strukturun yaradılması nəzərdə tutulur. Təşəbbüsün məqsədi birgə verifikasiya və faktların yoxlanılması mexanizmlərinin işlənib hazırlanması, vətəndaşların media savadlılığının artırılması üzrə kompleks proqramların həyata keçirilməsi, həmçinin informasiya müharibəsi təhlükələrinə cavab vermək üçün əlaqələndirilmiş mexanizmlərin tətbiq olunmasıdır", – deyə o bildirib.
Ö. Kocamanın sözlərinə görə, informasiya dünyagörüşünü formalaşdıran və siyasətə təsir edən strateji resursdur.
Baş katibin müavini qeyd edib ki, iclasın bu gün Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Bu gözəl şəhər bizim ortaq irsimizi və birlikdə qurmaq istədiyimiz gələcəyi təcəssüm etdirir. Azərbaycan türk dünyasında əməkdaşlığın gücləndirilməsində həmişə mühüm rol oynayıb". (trend)

KARUSEL / CƏMİYYƏT
Tarix: 28-11-2025, 11:15