Nazir: "Son illər ərzində Qətər dövləti ardıcıl inkişaf yolu keçərək regionun ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib"

Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.
Milli Gün münasibətilə Qətər Dövlətinin Azərbaycandakı səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin təbrik nitqini Səfirliyin Müvəqqəti İşlər Vəkili Həməd əl-Humeydi çatdırıb.
Təbrik nitqində deyilir: "Qətər Dövlətinin əlahəzrət Əmiri, Şeyx Təmim bin Hamad Al Tani cənablarının müdrik rəhbərliyi ilə 2030 inkişaf konsepsiyasına uyğun olaraq çalışırıq və bu konsepsiyanın məqsədi rifah, çiçəklənmə və davamlı inkişafdır. Bu konsepsiya bütün dost dövlətlərlə, o cümlədən, qədim tarix və zəngin mədəniyyətə malik olan Azərbaycan Respublikası ilə əlaqələrin inkişafını əhatə edir".

Dost Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında xalqlarımız və vətənlərimiz üçün xeyirli olan bu konsepsiyanın həyata keçirilməsinə çalışırıq.
Belə ki, Qətər Dövləti və Azərbaycan Respublikası arasında bütün sahələrdə, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində çalışırıq. İki ölkənin məsul şəxslərinin və iş adamlarının qarşılıqlı səfərləri, o cümlədən, Fövqəladə Hallar naziri, Kəmaləddin Heydərovun Dohaya sonuncu səfəri, əməkdaşlığı təşviq etmək və istədiyimiz nəticələrə nail olmaq üçün müştərək komissiyanın dördüncü toplantısının keçiriməsi əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə təkan verib.

Azərbaycan hökuməti adından Qətər xalqını Milli Gün münasibətilə təbrik edən fövqəladə hallar naziri
Kəmaləddin Heydərov çıxışında deyib ki, Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdə formalaşmış diplomatik münasibətlər dostluğa, qarşılıqlı hörmət və bir çox regional və qlobal məsələlər üzrə mövqelərin uzlaşmasına əsaslanır. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, həmçinin müntəzəm siyasi məsləhətləşmələr iki ölkə arasında əlaqələrin davamlı, dinamik və çoxşaxəli inkişafına mühüm töhfə verib.
Bu kontekstdə, 11 avqust 2025-ci il tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında baş tutmuş telefon danışığı dövlət başçıları səviyyəsində siyasi dialoqun yüksək intensivliyini bir daha təsdiq edib. Eyni zamanda, 9 sentyabr 2025-ci il tarixində Azərbaycanda keçirilmiş “Sonsuz Qardaşlıq-IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimində digər dövlətlərlə yanaşı Qətər xüsusi təyinatlı qüvvələrinin də iştirakı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın praktiki aspektlərini nümayiş etdirib.
Nazir deyib ki, son illər ərzində Qətər dövləti ardıcıl inkişaf yolu keçərək regionun ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. “Qətər – 2030” Milli İnkişaf Strategiyasının həyata keçirilməsi iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun modernləşdirilməsi, təhsilin, turizmin və innovasiyaların inkişafı üçün geniş imkanlar açıb: "Bu gün Qətər, beynəlxalq proseslərin fəal iştirakçısı kimi enerji təhlükəsizliyinin təmin olunmasında, humanitar əməkdaşlıqda və dövlətlər arasında dialoqun möhkəmləndirilməsində mühüm rol oynayır. Bu uğurlu inkişaf xətti, Azərbaycan–Qətər münasibətlərinin möhkəmlənməsi və yeni əməkdaşlıq sahələrinin formalaşması üçün də əlverişli zəmin yaradıb. Belə ki, Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti, məhz bu kontekstdə, xüsusi əhəmiyyət kəsb edir. Cari ilin noyabr ayında Komissiyanın dördüncü iclasının keçirilməsi, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olub. Komissiya çərçivəsində ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə təşviqi, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər əhatəli şəkildə müzakirə edilib.
Bu proses öz növbəsində, dövlətlərarası iqtisadi dialoqun daha da işgüzar müstəviyə keçməsinə təkan verib. Məhz bu səylərin məntiqi davamı kimi Komissiyanın iclası çərçivəsində ilk dəfə Biznes Şuranın təşkili və hər iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların intensivləşməsi xüsusi qeyd olunmalıdır. Qətərdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi, təşkil olunan biznes görüşlər, habelə Azərbaycan şirkətlərinin Dohada keçirilən tematik sərgilərdə iştirakı iqtisadi əməkdaşlığımızın praktiki məzmununu daha da zənginləşdirib. Əminəm ki, azərbaycanlı və qətərli iş adamları bundan sonra da qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün yaranmış imkanlardan səmərəli istifadə edəcəklər".
Bununla yanaşı, iki ölkə arasında mövcud olan müqavilə-hüquq bazası vətəndaşlarımız arasında təmasların genişlənməsi üçün möhkəm zəmin formalaşdırıb. Ali səviyyədə əldə olunan razılaşmalar nəticəsində tətbiq edilən vizasız səyahət rejimi, eləcə də Bakı və Doha arasında həyata keçirilən müntəzəm birbaşa aviareyslər turist mübadiləsinin artmasına, işgüzar və humanitar əlaqələrin inkişafına mühüm töhfə verir.Eyni zamanda, ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlıq da uğurla davam etdirilir. Belə ki, 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” müvafiq qurumlarımız arasında fövqəladə hallar və mülki müdafiə sahəsində bilik və bacarıqların artırılması, o cümlədən təcrübə mübadiləsinin aparılması üçün mühüm hüquqi baza yaratmışdır. Qətər tərəfinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə göstərdiyi marağı yüksək qiymətləndirir, ekspert görüşləri, təlimlər və qarşılıqlı səfərlərin davam etdirilməsini önəmli hesab edirik.
Ümumilikdə hesab edirəm ki, Azərbaycan–Qətər əməkdaşlığının dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, Azərbaycanın tranzit potensialından daha fəal istifadəsi, habelə maliyyə, təhsil, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi dövlətlərimizin ümumi maraqlarına xidmət edəcək və əməkdaşlığımıza yeni təkan verəcək.Nazir Qətər Dövləti ilə ikitərəfli əməkdaşlığımızın bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə və ölkələrimizin mənafeyinə xidmət edəcəyinə əminliyini vurğulayıb.



Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 18-12-2025, 10:39



























