mobil versiya

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI QHT PLATFORMASININ YARADILMASI - II YAZI



QHT SEKTORUNUN 2025-ci ildəki UĞURLARI- TOP 10
 II YAZI: TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI QHT PLATFORMASININ YARADILMASI 


2025-ci ilin başa çatmasına sayılı günlər qalır. Bu il çağdaş tariximizin ən mühüm, gələcəyimizi şəkilləndirəcək, uzunmüddətli təsirini saxlayacaq hadisələrlə zəngin oldu. Azərbaycanın yaratdığı yeni reallıqlar, Prezident İlham Əliyevin liderliyi, sülh strategiyası ilə bütün Cənub Qafqazın sülh, əməkdaşlıq məkanına transformasiyası mərhələsi başlayıb. Azərbaycan QHT sektoru bu il də  yüksək dinamika nümayiş etdirməklə Azərbaycanın inkişaf strategiyasını ictimai təşəbbüslər, diplomatiya, yeni addımlar və innovasiyalarla dəstəkləyib. QHT sektoru ciddi töhfə verib və son illər həyata keçirilmiş islahatların nəticəsi olaraq çağdaş tariximizdə hadisə sayılacaq, tarixə yazılacaq, dövlətimizin inkişafına real töhfə verən nailiyyətlər əldə edilib. BU NAİLİYYƏTLƏRLƏ HƏR BİR AZƏRBAYCANLI QÜRUR DUYA BİLƏR! 
 
İlin sonuna yaxınlaşarkən, fürsətdən istifadə edərək hər gün QHT sektorunun tərəqqisini, əldə etdiyi nəticələri əks etdirən 10 ən mühüm fəaliyyət və təşəbbüsü barədə məlumatı paylaşmaq qərarına gəlmişəm. 
Azərbaycanın TDT-ə sədrliyi ilə təşkilat daha sıx inteqrasiya, institusional inkişafda gücülü dinamika əldə edib. Milli QHT sektoru ictimai diplomatiya və vətəndaş cəmiyyəti əlaqələri, əməkdaşlığı, təşəbbüskarlığı ilə Azərbaycanın TDT-nin potensialının artması, institusional inkişafında  liderliyini fəal şəkildə dəstəkləyir. Bu baxımdan 24 noyabr 2025-ci il tarixdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Bakıda keçirilən Həmrəylik Forumu tarixi hadisə sayıla bilər. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak etdi. Bu, indiyə qədər QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbir olması ilə də diqqət çəkdi. 

Forumda aparılan müzakirələr göstərdi ki, Azərbaycanın bu təşəbbüsü zamanla ayaqlaşır və tarixi zərurətin uğurlu formada reallaşdırılmasıdır.  Türk dünyasında güclənən siyasi koordinasiya, iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri və enerji əməkdaşlığının ictimai diplomatiya ilə dəstəklənməsi, vətəndaş cəmiyyətlərinin şəbəkələşməsi, koordinasiyalı fəaliyyəti, ortaq hədəflərin müəyyənləşdirilməsinə, əməkdaşlığın ciddi institusional əsaslarının yaradılmasına ciddi ehtiyac var. 
 
Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində qeyd olunudu ki, “Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir”.
2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis olunması bu çağırışlardan effektiv cavab oldu.  Beləliklə  ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin fəaliyyətini əlaqləndirəcək  platforma təsis etdilər.  TDT üzvü ölkələrin QHT sektoru arasında əməkdaşlığın institusional mexanizmi yaradıldı. Platforma həm beynəlxalq arenada birgə fəaliyyət daha da intensivləşdirəcək, həm də birgə layihələrlə ortaq problemlərin həllinə töhfə veriləcək. Təcrübə mübadiləsi, çoxtərəfli əməkdaşlıq həm yeni innovasiyalar yaradacaq, həm də TDT-nin qarşıya qoyduğu məqsədlərə çatmasına xidmət edəcək. 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk rəhbərliyin Azərbaycana həvalə edilməsi ölkəmizə etimadı nümayiş etdirdi, TDT-də inteqrasiya proseslərində liderliyini bir daha sərgilədi. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək. 
 
Hazırda türk coğrafiyasının inteqrasiyasında Azərbaycan mərkəz nöqtəsi kimi çıxış edir və vətəndaş cəmiyyətlərini bir araya gətirən də məhz Bakı oldu. 
 
TDT-nin bir çox ambisiyalı layihələri ölkəmizlə, habelə Prezident İlham Əliyevin strateji baxışı və onun liderliyi ilə əlaqəlidir. Aparılan müzakirələrə əsasən demək olar ki, təşkilata üzv, həmçinin müşahidəçi ölkələrin də vətəndaş cəmiyyətləri sıx inteqrasiya layihələrinə tam hazırdırlar.
 
Azərbaycan bu təşəbbüsə imza atmaqla bir daha türk coğrafiyasında inteqrasiya proseslərində lider rolunu qoruyub-saxladığını nümayiş etdirdi.
Bu Forum və TDT QHT Platformasının yaradılması bir daha Azərbaycan QHT sektorunun potensialını, güclənən mövqeyini, həmçinin QHT sektorunun inkişafı siyasətinin uğurlarını nümayiş etdirdi.



ZAUR İBRAHİMOV
Azərbaycan Milli QHT Forumunun
İdarə Heyətinin üzvü,
 “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
 

Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:51