mobil versiya

m10 hadisəsi Kapital Bank rəhbərliyinin fintex risklərini vaxtında qiymətləndirə bilmədiyini göstərdi



m10 hadisəsi Kapital Bank rəhbərliyinin fintex risklərini vaxtında qiymətləndirə bilmədiyini göstərdi.

m10 Azərbaycanda qısa zamanda ən sürətlə populyarlaşan elektron pulqabı və mobil ödəniş tətbiqidir. 

Platforma PashaPay elektron pul təşkilatı tərəfindən idarə olunur və şirkətin 100 faiz payçısı Kapital Bank-dır. Son illərdə m10-un sürətli böyüməsi və geniş funksionallığı onu bazarın əsas oyunçularından birinə çevirmişdi.

Lakin son günlər bu elektron pulqabı ətrafında ciddi hadisələr baş verdi. m10 müştəriləri öz hesablarında  xarici mənşəli merchant-lardan  izahı olmayan vəsait axınları olduğunu qeydə alıblar. Çox sayda istifadəçinin hesabalrında böyük məbləğdə pul görünməyə başlayıb. Bu kütləvi olduğundan hesablar müvəqqəti dondurulub və əməliyyatlara limitlər tətbiq olunub.

PashaPay MMC məsələ ilə bağlı açıqlama verərək qanunsuz köçürmələrin mövcudluğunu dolayısı ilə təsdiqləyib, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin təmin edildiyini və sistemin bərpa edildiyini, həmçinin də üzrxahlığını bildirib. 
Lakin sosial mediada və mediada aparılan müzakirələr göstərir ki, söhbət milyonlarla manatlıq qanunsuz pul dövriyyəsindən gedə bilər.

Diqqətçəkən məqam isə budur ki, bu ilk hal deyil. Mərkəzi Bank bundan əvvəl də PashaPay-ə qarşı çirkli pulların leqallaşdırılması ilə mübarizə, fərdi məlumatların qorunması və nəzarət mexanizmləri üzrə məcburi göstərişlər və inzibati tədbirlər tətbiq edib. 

Son hadisə ilə bağlı cinayət işinin başlanması və həbslər barədə məlumatlar yayılsa da, hələlik rəsmi açıqlama yoxdur.

Baş verənlər texniki nasazlıqdan daha çox risklərin zəif idarə olunması problemini göstərir. 
Xatırladaq ki, m10 Binance kriptobirjası ilə inteqrasiya olunmuşdu. Kripto, xarici merchant və elektron pulqabı zənciri isə yüksək riskli sahədir və bu inteqrasiya fonunda vaxtında və yetərli təhlükəsizlik tədbirlərinin görülməməsi ehtimalı kifayət qədər real görünür.

Bu hadisədə diqqət birbaşa Kapital Bank rəhbərliyinin məsuliyyətinə yönəlməlidir. Adətən hər ilin sonu bankın ali rəhbər şəxslərinin  bonuslar daxil olmaqla illik milyonlarla əməkhaqqı aldığı bildirilir.
Bu səviyyədə gəlir və imtiyaz varsa, risklərin idarə olunması, nəzarət və məsuliyyət,  işin keyfiyyəti də eyni səviyyədə olmalı idi. Təəssüf ki baş verənlər bunların eyni səviyyədə olmadığını göstərir.

Düşünürəm ki, bu tip hadisələr elektron pulqabılar və fintech platformalarına etimadı azalda, bank sektorunu reputasiya baxımından risk altına sala və ölkə üzrə çirkli pul axınları üçün zəmin yarada bilər. 
Ona görə də təhlükəsizlik standartları vahid və məcburi olmalı, banklar isə sahib olduqları fintech platformalarına görə formal yox, ciddi məsuliyyət daşımalıdır.


Osman Gündüz 
Azərbaycan İnternet Forumunun prezidenti

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:05