Məkkə sazişi nələrdən xəbər verir? Yeni dünya düzəni necə formalaşa bilər?
Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişinin imzalanması haqqında çox danışdığımız yeni dünya düzəninin ən bariz nümunəsidir.
Məkkə sazişi yaxın gələcəkdə dünya miqyasında regional ittifaqların yaranaması ilə yeni düzənin formalaşa biləcəyini göstərdi. Niyə belə olacaq? Aşağıda ətraflı analiz verilib.
Köhnə sistem niyə dəyişməlidir?
İkinci Dünya Müharibəsindən sonra formalaşmış Yalta-Potsdam sistemi və onun təhlükəsizlik arxitekturası (BMT, ATƏT, Avropa Şurası) artıq öz funksiyalarını yerinə yetirə bilmir. Qloballaşma prosesi təkcə iqtisadi inteqrasiyanı deyil, həm də yeni geosiyasi baxışların formalaşmasını sürətləndirib. Bu proses nəticəsində Cənubi-Şərqi Asiya ölkələri, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İran, Pakistan və Braziliya kimi yeni iddialı dövlətlər meydana çıxıb. Bu ölkələr qlobal hegemonluq iddiasında olmasalar da, yerləşdikləri region və coğrafiyada strateji muxtariyyətə iddialıdırlar. Dünya artıq “soyuq müharibə” dövründə olduğu kimi iki qütbə bölünməyib və bu ölkələrin iddialarını görməzdən gəlmək qeyri-mümkündür. Nə Pekin, nə Vaşinqton, nə London, nə də Moskva bu ölkələrə əvvəlki kimi diktə edə bilmir. Çinin yüksəlişi bu cür ölkələr üçün geniş manevr imkanları yaradıb və onlar öz loyallıqlarını böyük dövlətlərə “baha satmaq” imkanı qazanıblar. Eyni zamanda, ABŞ-ın İraqda apardığı iki müharibə, Əfqanıstan müharibəsi, Suriyadakı və Ərəb baharı ilə başlayan bütün Yaxın Şərqi sarsıdan xaotik proseslər çoxtərəfli təhlükəsizlik formatlarının iflası ilə nəticələndi. Məlum oldu ki, “soyuq müharibə” dövründə nisbətən effektiv olan bu sistem yeni dövrdə işləmir, çünki sistemi idarə edənlər heç bir məsələdə konsensusa gələ bilmirlər və yalnız öz maraqlarını maksimum müdafiə etməyə çalışırlar. Onların bir-biri ilə strateji rəqabəti sistemi tamamilə iflic edir.
Yeni hərbi texnologiyaların inkişafı ilə böyük dövlətlərin strateji üstünlüyünün dağılması
Hərbi texnologiyaların inkişafı və asimmetrik müharibə aparmaq imkanının yaranması beynəlxalq münasibətlərdə ən fundamental dəyişikliklərdən biridir. Məlum oldu ki, böyük dövlətlər əvvəlki strateji üstünlüyə malik deyillər və nüvə silahı da artıq təhlükəsizlik zəmanəti deyil. Dronlar, kiber silahlar, hipersəs raketləri və süni intellekt əsasında aparılan müharibələr ənənəvi ordu üstünlüyünü kökündən dəyişib. Kiçik dövlətlər və qeyri-dövlət aktorları asimmetrik üsullarla böyük dövlətlərə ağır ziyan vura bilirlər – bunu HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumu, Hizbullahın raket potensialı, Yəmən Hüsüsilərinin Qırmızı dənizdə əməliyyatları və Rusiyanın Qara dəniz donanmasına qarşı Ukraynanın dəniz səthi süni intellekt idarəli dronlarla vurduğu zərbələr açıq şəkildə göstərdi. Böyük dövlətlərin “bir anın içində istənilən ölkəni darmadağın etmək” gücünün itməsi tarixi dönüş nöqtəsi sayıla bilər. Bu yeni reallıq göstərdi ki, ənənəvi hərbi üstünlük artıq təhlükəsizliyi təmin etmir, əksinə, çoxsaylı qeyri-müəyyənliklər yaradır. Nüvə silahına malik dövlətlər belə qeyri-nüvə aktorlardan gələn hibrid təhdidlərə qarşı aciz qalırlar. Bu vəziyyət, böyük dövlətləri müdafiə strategiyalarını yenidən nəzərdən keçirməyə və regional ittifaqlara daha çox etibar etməyə məcbur edir, çünki təcavüzün qarşısını almağın ən effektiv yolu məhz real, döyüş qabiliyyətli müdafiə bloklarıdır.
Rusiya-Ukrayna müharibəsinin dərsi və regional ittifaqların zəruriliyi
Rusiyanın Ukraynaya genişmiqyaslı işğal hücumu göstərdi ki, təcavüzdən qorunmağın ən yaxşı yolu azsaylı da olsa, real müdafiə bloku yaratmaqdır. Ukrayna təkbaşına Rusiyanın hərbi maşınına qarşı dura bilməzdi, lakin “Ramştayn” formatında fəaliyyət göstərən “İstəklilər Koalisiyası” (ABŞ, İngiltərə, Almaniya, Polşa, Baltik dövlətləri və başqaları) Ukraynaya müasir silahlar, kəşfiyyat məlumatları, logistik dəstək və maliyyə yardımı göstərdi. Bu, bütün dünya dövlətlərinə göstərdi, yalnız real ittifaqlar real qorunma təmin edə bilər. Bu reallığı artıq böyük dövlətlər də anlayırlar. Məsələn, Türkiyəyə Yaxın Şərqdə sabitlik yaranması üçün Vaşingtondan və NATO-dan dəstək verilməsi bunu bir daha sübut etdi. Eyni zamanda, Çin hazırda rəqəmsal texnologiyalar və süni intellekt inkişafı üzrə yeni koalisiya formalaşdırmağa çalışır ki, bu da texnoloji sahədə ittifaqların yarandığını göstərir. Türk Dövlətləri Təşkilatı artıq Çin sərhədindən Aralıq dənizinə qədər geniş bir coğrafiyanı əhatə edir. Mərkəzi Asiya ölkələri isə C5+Azərbaycan formatında ayrıca bir araya gələrək Orta Dəhliz layihəsi ətrafında inteqrasiya olunurlar. Hindistan, Yunanıstan, Kipr Respublikası və İsrail arasında dəniz təhlükəsizliyi və enerji əməkdaşlığı əsasında yeni ittifaq yaratmaq cəhdi var. Avropada isə Ukraynaya daha fəal dəstəklə əlaqədar “İstəklilər Koalisiyası” fəaliyyət göstərir. Bütün bu proseslər aydın göstərir ki, yeni dünya düzəninin əsas təməli regional ittifaqlar olacaq.
Yenə hər şey müqəddəs torpaqlardan, Yaxın Şərqdən başladı... Yaxın Şərq bəşəriyyətin ilk şəhər mədəniyyətlərinin, ilk dövlət qurumlarının, ilk yazılı qanunların və üç böyük səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın beşiyidir. Görünür, yeni dünya düzəni də bu coğrafiyada təməllənəcək...
Zaur İbrahimli
Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 18:09


























