mobil versiya

Qarabağ və Şərqi Zəngəzurda 340 layihəyə 1 milyard manatdan çox vəsait yönəldilib



Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri çərçivəsində bu ilin ilk yarısında 340 layihənin icrası həyata keçirilib.

Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə sözügedən layihələrin maliyyələşdirilməsinə ümumilikdə 1 milyard 64,1 milyon manat vəsait ayrılıb.
Vəsaitlərin ən böyük hissəsi nəqliyyat və sosial layihələrin payına düşüb. Belə ki, ilin ilk altı ayında nəqliyyat sahəsində 76 layihənin icrasına 505,2 milyon manat, sosial istiqamətdə həyata keçirilən 182 layihəyə isə 400,5 milyon manat xərclənib.
Bundan başqa, müdafiə və hüquq-mühafizə sahəsində 19 layihəyə 60,3 milyon manat, digər istiqamətləri əhatə edən 16 layihəyə 75,2 milyon manat vəsait yönəldilib.
Energetika və sənaye sahəsində 11 layihənin icrasına 15,4 milyon manat, su təsərrüfatı və meliorasiya üzrə 36 layihəyə 7,6 milyon manat xərclənib.
Beləliklə, layihələrin say baxımından əsas hissəsini sosial istiqamətli layihələr təşkil edib. Nəqliyyat layihələri say etibarilə ikinci yerdə qərarlaşıb.
Maliyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə nəqliyyat layihələrinin 48 faizi, sosial layihələrin 23 faizi, su təsərrüfatı və meliorasiya layihələrinin 3 faizi, energetika və sənaye layihələrinin 11 faizi, müdafiə və hüquq-mühafizə layihələrinin 42 faizi, digər layihələrin isə 31 faizi icra edilib. (Trend)

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:01