mobil versiya

Bakıda qazak kuresi üzrə XII Dünya Çempionatı keçiriləcək





Bakı 22-23 avqust 2026-cı il tarixlərində keçiriləcək böyüklər arasında qazax kuresi(қазақ күресі) üzrə XII Dünya Çempionatına ev sahibliyi edəcək. Yarış Qazaxıstanın milli güləş növü üzrə ən böyük beynəlxalq platformalarından birində müxtəlif ölkələrdən olan idmançıları bir araya gətirəcək.

Qazak kuresi Assosiasiyasının mətbuat xidməti xəbər verir ki, yarışlar Baku Sports Hall idman kompleksində keçiriləcək. İştirakçılar 16 çəki kateqoriyasında – kişilər və qadınlar arasında hər biri üzrə 8 dəst olmaqla medal uğrunda mübarizə aparacaqlar.
Qazaxıstan yığması dünya çempionatında tam heyətlə çıxış edəcək və bütün çəki kateqoriyalarında təmsil olunacaq. Kişilər arasında idmançılar 55, 60, 66, 74, 82, 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində medallar uğrunda yarışacaqlar. Qadınlar arasında isə qaliblər 48, 52, 56, 60, 65, 70, 77 və 77 kiloqramdan yuxarı çəki kateqoriyalarında müəyyənləşəcək.
Turnirin ilk günü – 22 avqust tarixində kişilər arasında 55, 60, 66 və 74 kiloqram, qadınlar arasında isə 48, 52, 56 və 60 kiloqram çəki kateqoriyalarında görüşlər keçiriləcək. Avqustun 23-də isə qalan səkkiz çəki kateqoriyası üzrə qaliblər və mükafatçılar müəyyən olunacaq.

Qazaxıstan millisinin heyətinə beynəlxalq yarışlarda təcrübəsi olan idmançılar daxil edilib. Onların arasında 2024-cü il Dünya Kubokunun qalibi Ruzimon Tuguşev, 2023-cü il Asiya çempionu və 2025-ci il CISM Dünya Çempionu Yernur Süleyman, həmçinin 2024-cü il Dünya Kubokunun bürünc medalçısı Kemelbek Moldaş da yer alır.
Komandanın liderlərindən biri Jumaçan Kojambekov olacaq. O, ikiqat dünya çempionudur (2022, 2025), 2023-cü il Dünya Döyüş Növləri Oyunlarının qalibi, 2024-cü il V Dünya Köçəri Oyunlarının çempionu, CISM Dünya Çempionu və 2025-ci il Dünya Kubokunun qalibidir.
Həmçinin komandanın heyətində 2025-ci il Asiya çempionu Yerkanat Moldaqulov və 2022-ci il dünya çempionu, 2023-cü il Asiya çempionu və 2024-cü il V Dünya Köçəri Oyunlarının qalibi Nurdaulat Jarılqapov da çıxış edəcək.
Qadınlar arasında Qazaxıstan yığmasını ölkə çempionları Janat Kazeza, Tamila Alixanova, Ardak Nursak, Sezim Oteuli, Sevara Nışanbayeva, Nazerke Tileuxanova və Araylım Abenova təmsil edəcəklər. Qazaxıstan çempionatının gümüş medalçısı Ramilya Salimyanova da komandanın heyətinə daxil edilib.
Assosiasiyanın mətbuat xidmətinin məlumatında deyilir:
“Bakıdakı Dünya Çempionatı qazax kuresinin beynəlxalq coğrafiyasının genişləndirilməsi istiqamətində növbəti mühüm mərhələ olacaq. Son illərdə milli idman növü üzrə beynəlxalq yarışlar sistemi ardıcıl şəkildə inkişaf edir, Asiya, Avropa, Afrika və dünyanın digər regionlarından olan idmançıları birləşdirir. Dünya Çempionatı bu istiqamətdə əsas turnirlərdən biridir”.
Beynəlxalq yarışların keçirildiyi müddət ərzində qazax kuresi üzrə 11 dünya çempionatı, 13 Asiya çempionatı, 6 Dünya Kuboku, 6 Avropa çempionatı və 2 Afrika çempionatı təşkil olunub. Qazax kuresi yarışları Qazaxıstan, İran, Braziliya, Azərbaycan və digər ölkələrdə keçirilib.
XII Dünya Çempionatının açılış mərasimi avqustun 22-də saat 17:00-da Baku Sports Hall idman kompleksində keçiriləcək.

Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:28