mobil versiya

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır





Qütbləşmənin dərinləşdiyi müasir dünyada media cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Media artıq yalnız informasiya mənbəyi deyil, həm də ictimai rəyin formalaşmasına, müxtəlif icmaların bir-birini anlamasına və cəmiyyətlər arasında əlaqələrin güclənməsinə təsir göstərən əsas vasitələrdən biridir. Bu təsir jurnalistikanın üzərinə böyük məsuliyyət qoyur.

Bunu Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri Vaciha Qamar “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun “Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” adlı ikinci panel sessiyasında çıxışı zamanı bildirib.
Vaciha Qamar qeyd edib ki, medianın məsuliyyəti beynəlxalq səviyyədə daha da artır. İnsanlar bir çox hallarda başqa ölkə və onun xalqı haqqında ilk təsəvvürlərini media vasitəsilə əldə edirlər. Buna görə də ölkələr və cəmiyyətlər haqqında yayılan məlumatların dəqiqliyi, obyektivliyi və məzmunu xüsusi əhəmiyyət kəsb edir.
Dövlət naziri bildirib ki, yanlış və təhrif olunmuş məlumatlar stereotipləri gücləndirə, cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirə bilər. Bunun əksinə olaraq, xalqların mədəniyyəti, ənənələri, nailiyyətləri və gündəlik həyatı haqqında həqiqi hekayələrin paylaşılması yanlış təsəvvürləri aradan qaldırmağa, qarşılıqlı anlaşma və hörməti möhkəmləndirməyə xidmət edir. Media cəmiyyətlər arasında məsafəni daha da artıra və ya həmin məsafəni aradan qaldıran körpülər qura bilər. Bu baxımdan medianın dialoqa, qarşılıqlı anlaşmaya və xalqlar arasında əlaqələrin inkişafına xidmət etməsi vacibdir.
Vaciha Qamar vurğulayıb ki, AQEM kimi beynəlxalq platformalar bu ortaq məqsədlərin təşviqi, qarşılıqlı etimadın gücləndirilməsi və cəmiyyətlər arasında konstruktiv dialoqun inkişafı üçün mühüm imkanlar yaradır. (Azərtac)


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:18