Keniya ilk Ebola ölümünü təsdiqlədi; virusa yoluxmuş şəxslə təmasda olan 28 nəfər müəyyən edilib

Keniya səhiyyə naziri çərşənbə axşamı günü ölkədə ilk dəfə Ebola səbəbindən ölüm halının qeydə alındığını açıqlayıb. Hadisə, Konqo Demokratik Respublikasında (KDR) yaşayan və ölkəyə qayıtdıqdan sonra vəfat edən bir keniyalı kişi ilə bağlı baş verib.
Səhiyyə naziri Aden Duale jurnalistlərə bildirib ki, adı açıqlanmayan həmin şəxs təxminən bir ay əvvəl xəstələnib və KDR-də müalicə alıb; daha sonra o, quru yolu ilə Uqandanın paytaxtı Kampalaya gedib və oradan oktyabrın 3-də təyyarə ilə Nayrobiyə uçub.
Nazir əlavə edib ki, həmin şəxs yoxlamadan keçirilib və onda ölümcül virusun olması təsdiqlənib; o, kişinin "təəssüf ki, dünən gecə saat 23:30 radələrində vəfat etdiyini" bildirib.
Duale qeyd edib ki, onlar mərhumla təmasda olan 28 nəfərin (o cümlədən ailə üzvləri və tibb işçilərinin) siyahısını tərtib ediblər, lakin indiyədək "yalnız bir testin nəticəsi müsbət çıxıb və bu, az əvvəl bəhs etdiyimiz həmin şəxsə aiddir".
"İctimaiyyəti əmin etmək istəyirəm ki, təşvişə düşməyə ehtiyac yoxdur, çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb", - deyə o əlavə edib.
Keniya əvvəllər heç vaxt Ebola halı qeydə almayıb və keniyalılar bu ilin əvvəlində hökumətin Nayrodidən təxminən 200 kilometr (125 mil) aralıda yerləşən Laikipia Hərbi Hava Bazasında Ebola ilə bağlı xüsusi mərkəz yaratmaq planlarına kəskin reaksiya vermişdilər.
KDR may ayının ortalarında ölkədə 17-ci Ebola epidemiyasının başladığını elan etmişdi. Bu xəstəlik son 50 il ərzində Afrikada 15 000-dən çox insanın ölümünə səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hələlik nə peyvəndi, nə də xüsusi müalicə üsulu mövcud olan virusun "Bundibugyo" ştammının ortaya çıxmasından bəri (2 oktyabr tarixinə olan məlumata əsasən) 8 463 yoluxma halı qeydə alınıb və onlardan 4 082-si ölümlə nəticələnib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:35


























