mobil versiya

Slavyanların Əfəndiləri: Avar Türkləri




Alim Nəsirov

VI əsrin ortalarında Avropa torpaqlarında peyda olan Avarlar, IX əsrin əvvəllərinə qədər hökmranlıqlarını qorumağı bacarmış və xüsusən də Şərqi Avropa xalqlarının tarixində dərin izlər buraxmışlar.

Avarların etnik mənsubiyyətləri ilə bağlı bəzi fikir ayrılıqları olsa da, türk mənşəli olduqları fikri hal-hazırda əksər tarixçilər tərəfindən qəbul edilməkdədir. Avarlar haqqında Bizans mənbələrində dəyərli məlumatlar mövcuddur. Avar elçiləri Bizans paytaxtı İstanbula gəldiyi zaman, şəhər sakinləri geyimləri və həyat tərzləri ilə onlardan çox fərqli olan bu insanları görmək üçün küçələrə axışmışdılar. 558-ci ildə aralarında qurduqları ilk münasibətlərlə birlikdə Avarlar Şərqi Roma İmperiyası tarixində uzun müddət mühüm yer tutmuşlar. Xüsusilə, avarların 626-cı ildə Sasanilərlə İstanbulu mühasirəyə alması Roma tarixində silinməz izlər buraxmış və bu hadisə əsrlər boyu Roma xalqının yaddaşında qalmışdır. Məhz, Avarların 626-cı ildəki İstanbul mühasirəsinin izlərini, əsrlər sonra Osmanlı Sultanı İldırım Bayezid tərəfindən İstanbul mühasirəyə alındığı zaman şəhərdə olan, adını bilmədiyimiz bir müəllifin yazdığı “Yunanca Hekayə”də də görmək mümkündür. Anonim müəllif bu əsərdə Sultan Bayezid’i avar xanı Bayan xana bənzətmişdir.

Avarlar, eyni zamanda, rus mənşəli xalqaların ulu babaları olan slavyan qəbilələrini də öz itaətləri altına almışlar. Slavyanlar, əfəndiləri olan avarların ya ordularında əsgər olaraq xıdmət edir, ya da onları kənd təsərrüfatı məhsulları ilə təmin edirdilər. Balkan yarımadası ərazisində slavyan əhalisinin yerləşdirilməsində avar türkləri xüsusi rol oynamışlardır. Hətta deyə bilərik ki, slavyanlar intizamlı şəkildə döyüşmə qabiliyyətlərini və dövlət quruculuğu sahəsində qazandıqları bilikləri də avarlara borcludurlar.



KARUSEL / YAZARLAR
Baxılıb: 345 Tarix: 30-11-2020, 19:18



Şərh bildir
yenilə, əgər kod görünmürsə