mobil versiya

“SOYQIRIM”, YOXSA “YENİ DİN”İN QƏBULU


XX əsrə aid politoloji və etnoloji terminlərə bir yenisi də əlavə olundu – genosid. Hazırda bir çox kütləvi informasiya vasitələrində, beynəlxalq münasibətlərdə bir çox dövlətləri, xüsusilə də Osmanlı dövlətini “genosid” törətməkdə qınayan, əslində isə bu siyasəti Avropada dini müharibələr zamanı inkivizisiya vasitəsilə (“Varfolomey gecəsi”ni xatırlatmaq kifayətdir) Asiya, Afrika, Amerika və Avstarliyada  müstəmləkə işğalları zamanı həyata keçirmiş “mədəni Qərbi Avropa ölkələri”, ABŞ  və  Rusiyadır.
Sadəcə olaraq adlarını çəkdiyimiz ölkələrin tarixşünaslığında onların tarixləri “süsləndirilərək” bizim qədim dövr və orta əsrlər  tariximizlə müqayisə edilərək, “şərq despotizmi altında yaşamış xalqların yeni dövrdə bu “humanist dövlətlərin” himayələrində olmaları bu xalqlar üçün “xoşbəxtlik” kimi qələmə verilir” (halbuki despotizm termin və idarə üsulu ilk dəfə  Qərbdə yaranmışdır).
Digər tərəfdən demək olar ki, dövrü olaraq sanki kimsə məqsədyönlü şəkildə istər ümumtürk, istərsə də Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətlirimiz  barədə  xüsusi piar dalğasını “işə salır”, onların fəaliyyətlərinin “təftişinə”  başlayırlar.
Tariximizə qeyri-obyektiv yanaşan hər iki cəbhədəki bədxahlarımıza cavab vermək üçün bu dəfəki yazımızda Rusiya tarixində “mühüm anlar” hesab edilən bəzi hadisələrin əsl üzünü oxuculara çatdırmaq, bu proseslərin həyata keçirilməsi zamanı həyata keçirilən qırğınlar haqqında məlumat vermək istərdik. Əsası norman (varyaq) Ryurik tərəfindən qoyulmuş şərq slavyanlarının ilk dövləti, hakimiyyət ierarxiyası və ictimai-sosial institutları Xəzər xaqanlığına oxşar şəkildə qurulmuş (təkcə onu demək kifayətdir ki, bu dövlətin başında duran şəxs 200 ilə yaxın bir müddətdə rahib Nestorun “Zaman illəri haqqında dastan” salnaməsindəki yazıldığı kimi “Ross xaqanı” adlandırılır) Kiyev Rus dövləti hesab olunur. Bu dövlətin tarixində baş vermiş ən mühüm hadisələrdən biri xristianlığın dövlət dini elan edilməsidir.

“Zaman illəri haqqında dastan”a görə Kiyev Rus dövlətində xristianlığı dövlət dini elan edən Vladimir, 972-ci ildə peçeneqlər tərəfindən qətlə yetirilən Svayotaslavın  Maluşa (norman qızı olan bu kənizin əsil adı Malfred idi) adlı kənizindən doğulmuşdur. Svyatoslavın öldürülməsindən sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlamışdır. Hakimiyyətə gələn böyük oğlu Yaropolk, bununla razılaşmayan qardaşı Oleqi qətlə yetirdikdən sonra, 3-cü oğul olan Vladimir qorxusundan normanların yanına qaçmış və onların köməyilə Novqorodda hakimiyyəti ələ keçirmişdi. Onun hakimiyyətinin güclənməsində dayısı Dobrınin mühüm xidmətləri olmuşdur. Vladimir, Kiyevdə hakimiyyətdə olan qardaşı Yaropolkun tərəfinə keçmiş Podolsku ələ keçirdikdən sonra, dayısının məsləhəti ilə qardaşının nişanlısı, Podolsk knyazının qızı Roqnedanı camaatın gözü qarşısında zorlamışdır. Bu iyrənc hərəkətindən sonra Vladimir Roqnedaya elçi göndərərək ona evlənmək təklif etmişdir. Lakin məğrur Roqneda, “qaravaş oğluna ərə getməyi” özünə sığışdırmadığını bildirmişdir. Bundan qəzəblənən Vladimir  dayısının göstərişilə Polotsk knyazını və onun iki oğlunu edam etdirmiş, Roqnedanı zorla özünə arvad etmişdir. Daha sonra Kiyevi mühasirəyə alan Vladimir, Yaropolkun sərkərdəsi Bludu öz tərəfinə çəkərək, hiylə yolu ilə qardaşını qətlə yetirmiş və onun hamilə qadınını öz kənizinə çevirərək zorlamışdı.
978-ci ildə Vladimir Kiyev knyazı elan edildi. O, Kiyevdə xristianlığı yamaq istəyən, Rusiyada ilk xristian şəhidləri sayılan yunan mənşəli Fyodor və İoannı edam etdirmişdir. Mənbələrin məlumatına görə, bütlərə qurban vermək üçün püşk atılarkən, Bizansdan gələrək Kiyevdə ticarət edən xristian Fyodor və oğlu İoann  seçilmişdi. Rahib Nestorun yazdığına görə “xeyli arvadı olmasına rəğmən, Vladimirin 300 kənizi Vışqorodda, 300 kənizi Belqorodda, 200 kənizi isə Berestovoda idi. Pozğunluqdan doymayan knyaz ərli qadınları və bakirə qızları da zorla öz yatağına s1oxurdu”.Görünür, Rus dövlətində xristianlığın qəbulunda da Vladimirin bu “sonsuz şəhvət hissi” mühüm rol oynamışdır. Belə ki, Varda Fokanın üsyanını yatırtmaqda Bizans imperatoru II Vasiliyə kömək müqabilində, Vladimir ondan bacısı Annanı istəmişdi. İmperator II Vasili bacısı Annanı xristian keşişləri ilə birlikdə Krıma - Korsun (yunanlar tərəfindən salınmış Xersones koloniyasını Krım türkləri belə adlandırırdılar) şəhərində Varda Fokanın tərəfdarlarını mühasirəyə almış Vladimirin düşərgəsinə göndərdi. Nikahdan əvvəl “xaqan Vladimir” xaç suyuna çəkilərək, Vasili adlı “xristian” oldu. Nikahdan sonra Vladimir ələ keçirdiyi Korsun şəhərini bizanslılara təhvil verdi.

Bəzi mənbələrdə isə Vladimirin xristianlığı məhz Bizansdan qəbul etməsi fərqli şəkildə izah olunur. Guya Vladimir Volqa Bulqarıstanından gəlmiş müsəlman ruhanisi ilə bu din haqqında söhbət edərkən spirtli içkinin qadağan olunduğunu eşitdikdə belə vermişdi: “Rusda daim içki və şənlik olmuşdur”. Yəhudi xəzərlərin dini ilə maraqlandıqdan sonra isə onlardan soruşmuşdu: “Bəs sizlərin dövləti və torpaqları haradadır?”. Öz sualına artıq 965-ci ildə dövlət müstəqilliyini itirmiş xəzərlərin “dövlətimiz yoxdur” cavabını alan Vladimir bu dini də qəbul etməkdən vaz keçmişdir. Alman ruhanilərinin Qərb xristianlığını qəbul etmək təklifinə isə o  ilin müəyyən günlərində oruc tutulduğunu biləndən sonra “zorla aclığın” düzgün olmadığını söyləmişdir.  
Kiyev Rus dövlətinin əhalisinin “Qanlı Vladimir” tərəfindən “könüllü” şəkildə xristianlığı  qəbul etdirilməsi nəticəsində ölkə əhalisinin 70% məhv edilmiş, 300 yaşayış məskənindən 270-i viran qoyulmuşdu. “Xristianlığın könüllü” qəbulunun xronikası haqqında azacıq da olsa məlumat verməyə çalışacağıq:
988-ci il – Əhalinin tapındıqları bütlər atlara qoşulub, Kiyevin bütün küçələri boyu sürütləndi. Rahib Nestorun yazdığı kimi “əhali yanğınlardan qızarmış qanlı sularda xaç suyuna çəkildi”.
989-990  - Novqorod  əhalisinin zorla xristianlaşdırılması zamanı qırğın törədildi. Arxeoloji qazıntılar bu proses zamanı şəhərin yarısının yandırıldığını sübut edir. Fin dilində danışan komilərə xüsusi amansızlıqla divan tutuldu.

“Zaman illəri haqqında dastan”da deyildiyi kimi “Kiyev Rus dövlətinin əhalisi Dobrınya, Putyata və Korsunlu  İokim  tərəfindən  od və qılıncla xristianlaşdırıldı”.
Bununla belə, keçən əsrin 80-ci illərinin II yarısında Rusiya Federasiyasında Kiyev Rus dövlətində xristianlığın qəbulunun 1000 illiyi təntənəli şəkildə qeyd olunmuşdur.
Lütfi MƏMMƏDOV,
muxalifet.az

DÜNYA
Tarix: 6-08-2019, 15:07