"Tarixi saxtalaşdıran millət vəkili haqqında"
Fazil Mustafanın bütün yazılarını gündəlik izləyirdim və onun anti milli çıxışları üzrə bir hesabat hazırlayıb Parlamentə təqdim etməyi və bütöv Azərbaycan ictimaiyyətinə (F. Mustafanın özü qarışıq) müraciət etməyi düşünürdüm. Bu məqamda millət vəkili, tarix elmləi doktoru, professor Fəzail Ağamalının "Yeni Musavat"da, digər mətbuat vasitələrində və sosial şəbəkələrdə kəskin və haqlı düşüncələrini oxudum: Fazil Mustafanın Şah İsmail Xətainin haqqında söylədiyi yanlış fikirlər əsaslı arqumentlərlə inkar olunurdu. Bundan sonra mənə elə gəldi ki, F. Mustafa səhvini başa düşər və kəskin anti-Azərbaycan təbliğatını heç olmasa bir az səngidər. Çox təəssüf edirəm, bu da olmadı, F. Mustafa fəaliyyətini daha da genişləndirmək iddiasında olduğunu bəyan etdi, həm də onun bu fikirlərinə qarşı çıxan digər körkəmli tarixçi alimlərə, ictimai xadimlərə, yazarlara daha kəskin ifadələrlə hücuma keçdi.
Fazil Mustafanın Şah İsmail Xətai haqqında söylədikləri başqa anti-Azərbaycan düşüncələri ilə müqayisədə çox yumşaq və az zərərlidi, bu özü də onun Azərbaycan haqqında düşmən erməni tarixçilərinin (həm də bəzi fars və ərəb tarixçilərinin) konseptual fikirlərinin davamçısı kimi uydurulmuş antimilli konsepsiyasının törəməsidi. Azərbaycan tarixinin F. Mustafa konsepsiyasının əsasında – ana xətt olaraq tutulan bir yanlış məqam durur: Azərbaycanlılar bu məkanlara Səlcuqlarlarla birlikdə, ikinci minillikdə gəlmişdir. Digər yanlışlıqları, o cümlədən, Ş. İ. Xətai haqqında düşüncələri bu səhv düşüncədən doğur. Beləliklə, Azərbaycan tarixinə Fazil Mustafa baxışlarının konkret (yanlış) təzahür istiqamətləri:
1. F. Mustafa qətiyyətlə ictimaiyyətin beyninə yeritmək istəyir ki, Azərbaycan xalqı köçəridir, bu torpaqlara Səlcuqlarla bərabər gəlmişdir. Babək Xürrəminin Azərbaycana aidiyyatı yoxdu, ya farsdı, ya kürddü, o islama qarşı vuruşmayıb və s. Mən ermənilərlə tanış olan vaxtdan etibarən əksəriyyət ermənilərdən eşitdiyim, duyduğum və mübarizə apardığım fikirlərdi, həmişə də faktlar qarşısında ermənilər aciz qalmışlar. Bu baxış tərzi yalnız F. Mustafa və ermənilərdə deyil, həmçinin F. Mustafanın dinini qəbul etdiyi ərəblərin və farsların da əksəriyyət tədqiqatçılarında olmuşdur. Amma həm erməni, həm əksəriyyət müsəlman tarixçilərinin sübut edə bilmədiyini F. Mustafa 5-10 ilə Azərbaycan dövləti adından (millətin vəkili kimi) isbat etməyə çalışır. Mən tarixçi deyiləm, amma məntiq var, elmi faktlar var, bu faktları ortaya çıxaran qeyri azərbaycanlı dərin biliyə və obyektivl düşüncə tərzinə sahib Yəhudi, Avropa, Amerika alimləri var, bunları nə F. Mustafa, nə də başqa Azərbaycan mollaları inkar edə bilməz. Elmi faktlar isə (dünya alimlərinin) sübut edir ki, bizim xalq bu torpaqlara ən azı 7-10 min il əvvəl yerləşmişdir. Bunu Azərbaycan xalqının gen təhlilləri sübut edir, həyat tərzi sübut edir, qeyri-müsəlman və qeyri-erməni tarixçiləri sübut edir. Necə ola bilər ki, biz öz tariximizi düzgün işıqlandıran görkəmli dünya alimlərinə qarşı çıxırıq? Bu ölkədə 10-15 milyon dollarlıq bir gen laboratoriyası ilə bu məsələni tam dəqiqliyi ilə müəyyənləşdirmək mümkün olduğu halda, F. Mustafa üzvü olduğu parlamentdə məsələni qaldırmaq əvəzinə tarixi öz bildiyi və düşmən ölkənin tarixçilərinin dediyi kimi saxtalaçdırmaq yolunu tutur.
2. F. Mustafa isbat etməyə çalışır ki, azərbaycanlıların ilk dövləti 1918-ci ildə yaranmışdır. Belə cahil fikir heç vaxt bağışlanıla bilməz, dünya tarixçiləri bu bölgələrdə yaradılan ən qədim dövlətləri bu xalqla əlaqələndirirlər, amma özümüz inkar edirik. Hətta bir çox erməni və müsəlman tarixçiləri də bu tamamilə yanlış və saxta fikirlərə etiraz edir. On minillik yerləşmə tarixi olan olan böyük bir millətin, toplumun heç bir dövlətinin olmaması iddiası tamamilə absurddu, yəni belə bir analogiya olmayıb. Bu absurd fikir də birinci yanlış fikirdən doğur, əgər müəllif bu xalqın yerləşmə tarixinin 7-10 min ildən az olmadığını anlasaydı ilk dövlətinin də 1918-ci ildə olmasını iddia etməzdi.
Ümumiyyətlə, bir faktı dərk etmək lazımdı: İşğalçı və ərazi iddialı millətlərin tarixçilərindən obyektiv baxış gözləmək tamamilə məntiqdən uzaqdır. Müsəlman ərəb-fars və kommunist Rus (erməni qarışıq) Azərbaycanda işğalçılar olmuşlar, bu ölkələrin tarixçilərindən (təsadüflər istisna olmaqla) düzgün fikir görünməmişdir. Amma Azərbaycanda tarix elminin olduqca zəif olduğuna görə ən çox istinad edilən ərəb - fars tarixçiləridi, bəzən də rus kommunist tarixçləri: eyni xəstəliyi F. Mustafanın tədqiqatlarında da sezmək olar, onun elmi psixologiyası da bu anti - Azərbaycan tarixçilərinin ideoloji təsiri altında formalaşmışdı.
3. F. Mustafa deyir ki, Azərbaycan adı özü 20 əsrdə meydana gəlmişdir. İlk baxışdan sadə termin diskussiyası kimi görünən bu fikir də zərərlidir. Bəli, aydındır ki, Azərbaycan xalqı otuza yaxın türk dilli xalqların ikinci ən böyük qrupudu, amma bu xalq millət kimi formalaşmışdır. Azərbaycan böyük əraziləri əhatə edən və bu millətin yaşadığı məkandı və burada yaşyan xalqın adı da bununla bağlıdır. Bu və ya digər tələffüzdə daimi olmuşdur.
4. Ş.İ.Xətai haqqında söylədikləri isə qəbahətlərinin içində ən yüngülüdü, amma bu da zərərli və təhlükəlidi... 21 əsrdə insanların beynini bölücülüklə, islam, şiə, sünni zəhəri ilə qarışdırmaq isə daha bir böyük, zərərli, milləti məhvə sürükləyən düşüncə və fəaliyyət tərzidi. Əslində Azərbaycanın əksəriyyət problemləri F. Mustafanın mollalığını etdiyi islam dini və islam işğalı ilə bağlıdır. Savadsızlıq, elmsizlik, zəif inkişaf, antidemokratik düşüncə tərzi, hüquqa hörmətsizlik, gerilik, ərazilərin itirilməsi, maddiçilik, yolsuzluq, istehlakçı xarakter, uzunmüddətli əsarət – bütün bunların tək səbəbi bu gün də islamla izah olunur, Ş.İ. Xətainin özünün səhvləri islamla əlaqədar olmuşdur. Bu səhvləri aşkar edib düzəltməyə çalışmaqdansa sünniliyi qabardaraq şiələrlə üz-üzə qoymaq tamamilə yanlış və zərərlidir. Ya şiəlik, ya sünnilik hər ikisi Azərbaycana öldürücü zərbələr endirməkdə davam edir. Ümumiyyətlə, mənim qəti fikirim bundan ibarətdir ki, islam zehniyyəti ilə hər hansı idarəçi Azərbaycana gerilik, işğalçılıq, tabeçilik, əsarət psixologiyasından başqa heç nə gətirə bilməz. Hər addımı atanda, illah da deputat, rəhbər seçkiləri və ya təyinatları zamanı bunu nəzərə almaq lazımdır.
Bu siyahanı davam etdirmək olardı, amma belə cəfəng fikirlərin ifşa olunması üçün bu faktlardan biri də yetərlidi.
Yuxarıdakı sadaladığım faktların hamısı mövcuddur, linkləri var. Amma xüsusi olaraq açıq yayına göndərmirəm, çünki bu adamın bu sahədə hər bir fikri (əksəriyyət olaraq) Azərbaycan tarixi, müasir Azərbaycan üçün əsassız, yalan üzərində qurulan həqarətdi, təhdiddi və təhqirdi. Yenidən bölüşdükcə, açıqladıqca anti-Azərbaycan qüvvələr dərhal istifadə edirlər. Əgər F. Mustafa millət vəkili olmasaydı, sadə bir vətəndaş kimi mövqeyini bildirsəydi, buna heç kim ciddi reaksiya verməzdi. Amma bu adam millət vəkilidi, Azərbaycan xalqı, Azərbaycan dövləti adından bu xalqın ifşasına can atır, bu da qətiyyən yolverilməzdir. Digər tərəfdən, iddialarında cüzi reallığa söykənsəydi, mən şəxsən, susardım. Amma hazırkı vəziyyətdə, heç bir əsası olmayan fikirlə razılaşa bilmərəm və bütün azərbaycanlıları tarixi saxtalaşdırmağa çalışan bütün qüvvələrə qarşı dönməz mübarizəyə çağırıram.
Bütün bu faktları nəzərə alaraq:
1. Azərbaycan parlamentinin üzvlərinə, xüsusilə parlamentin sədri Oqtay Əsədova (F.Mustafa – böyük tədqiqatçı Sabir Əsədovun coğrafi tarix üzrə bütün dəqiq və geniş, arqumentlərlə əsaslandırılmış tədqiqatlarını kobudcasına inkar edir),
2. İqtidardakı YAP rəhbərlərinə (F. Mustafa YAP-ın qurucusu H. Əliyevin bütün tarixi müddəalarını inkar edir),
3. Müxalifət rəhbərlərinə, xüsusilə Xalq cəbhəsi köynəyindən çıxan partiyalara (F.Mustafa AXC-nin qurucusu Əbülfəz Elçibəyin bütün tarixi fikirlərini inkar edir),
4. Yazıçılar birliyinə, xüsusilə F. Mustafa ilə əksəriyyət müzakirələrdə iştirak edən, lakin sadəcə kontur fikir bildirməklə kifayətlənən körkəmli milli xadim S. Rüstəmxanlıya,
5. Bütün alimlərə, tarixçilərə, nəyahət F. Mustafanın özünə və onun seçicilərinə
Müraciət edirəm:
1. F.Mustafaya dövlət və ya millət vəkili adından Azərbaycan tarixini saxtalaşdıran fikirlər söyləmək qadağan olunsun.
2. F.Mustafanın tarixə dair erməni-fars və ərəb tarixçiləri ilə millət vəkili kimi həmrəylik nümayiş etdirdiyi bütün videoları, yazıları, məqalələri efirdən yığışdırılsın. Bununla, belə diskusiyaları aparan, videoları sosial şəbəkələrdə qoyan, məqalələri dərc edən mətbuat orqanları və Mətbuat Şurası məşğul olmalıdır. Son vaxtlar F.Mustafaya ən çox dəstək erməni mətbuatında verilir (sülh yaratmağa, müharibəni yatırtma çalışmalarına görə deyil, məhz bu uydurmalara görə)
3. F.Mustafanın özünə və seçicilərinə isə məsələnin araşdırılması və öz vicdanlarının çağırışı ilə qərar qəbul etmək xahiş olunur. Mənim fikirimcə, milli tarixi saxtalaşdırmaq üçün millət vəkili olmağa ehtiyac yoxdur.
Musavat.com-dan: Bu yazını professor Saleh Məmmədov redaksiyamıza yollayaraq, onu dərc etməyimizi və qaldırdığı mövzularla bağlı müzakirələr başlatmağımızı xahiş edir. Onun xahişini nəzərə alır və elmi-siyasi ictimaiyyəti müzakirələrə dəvət edirik. Millət vəkili Fazil Mustafadan isə xahiş edirik ki, yazıya verəcəyi cavabı bizdə dərc etdirsin.
YAZARLAR
Tarix: 5-08-2019, 20:00