Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans öz işini başa çatdırıb - FOTO
"Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" mövzusunda beynəlxalq elmi konfrans öz işini başa çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Milli.Az-a verilən məlumata görə, konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.
Konfransın bağlanış mərasimində AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya, Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin rəhbəri Şöhlət Əfşar, professor Ədalət Tahirzadə və başqaları çıxış ediblər.
Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqının tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri Nadir şah Əfşardır: "Nadir şahı Makedoniyalı İskəndər, Əmir Teymur, Uzun Həsən və Napoleon Bonapartla müqayisə edirlər. Onun soykökü barədə uydurmalar irəli sürülmüş və çoxları bu böyük şəxsiyyətə sahib çıxmağa cəhd göstərmişlər".
Akademik deyib ki, Ali Baş Komandan İlham Əliyev bir sərkərdə kimi daim əsgərlərinin yanındadır: "Ordusunu gücləndirmək qayğısına qalır. Əsgərlərlə bir süfrədə yemək yeyir. Mən bir tarixçi olaraq onun simasında bir zamanlar ölkəmizi öz əsgərləri ilə birləşərək, əsgər həyatı keçirərək bütün işğalçılardan təmizləyən qüdrətli Nadir şahı görürəm".
Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya qeyd edib ki, Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir: "O, qurduğu Əfşar imperiyasını dünyəvi dövlətə çevirmək istəyirdi. Məzhəb ayrılığına son qoymağa çalışırdı. Dəbdəbəli saray həyatını sevmirdi".
Bildirilib ki, tarixi şəxsiyyətlərimizin, o cümlədən Nadir şahın dünya ictimaiyyətinə tanıdılması çox mühümdür. Konfransda yeni çap olunmuş "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" adlı kitabın xarici dillərdə nəşri qərara alınıb. Tarix İnstitutu Dünya Avşarlar Dərnəyinin kitabxanasına 200-dən çox kitab hədiyyə edib.
Beynəlxalq konfrans "Nadir şah Əfşar imperiyasının tarixi ilkin qaynaqlarda və tarixşünaslıqda", "Nadir şah Əfşar: dahi sərkərdə və dövlət xadimi", "Nadir şah Əfşarın daxili siyasəti" və "Nadir şah Əfşarın xarici siyasəti" bölmələrində fəaliyyət göstərib. Məruzəçilərə sertifikatlar təqdim edilib.
Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 15-07-2019, 17:44