mobil versiya

Bakı tıxac dərdindən bu vaxt QURTULACAQ - Vaqif Əsədov AÇIQLADI



Son günlər Bakı şəhərində ciddi tıxaclar müşahidə olunur. Paytaxt sakinləri həm şəxsi avtomobillərində, həm də avtobuslarda 30 dəqiqə, bəzən 1 saata qədər tıxaclarda qalmalı olur.

Bu, əsasən Bayıl qəsəbəsindən "Azneft" dairəsi istiqamətində, Bakı-Sumqayıt yolunda, Qara Qarayev prospektində və digər ərazilərdə baş verir.

Bütün bunlar isə sakinlərin mənzil başına gec çatmaları ilə nəticələnir.

REPORTYOR.AZ xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırıb. O hesab edir ki, Bakı şəhərindəki tıxacları faciə kimi qiymətləndirmək olmaz:

“Bütün inkişaf etmiş ölkələrin paytaxtlarında bu vəziyyət yaranır. Problemin həlli üçün əsas məqamlardan biri hərəkət istiqamətlərinin kəsişmələrinin minimuma endirilməsidir.

Bunun üçün bir çox ölkələrdə, məsələn Sinqapurda, Yaponiyada, Çində və digər ölkələrdə mərtəbəli yollardan istifadə olunur. Ölkəmizdə 1 milyon 400 min nəqliyyat vasitəsi var. 700 mindən artıq nəqliyyat vasitəsi Bakı şəhərində qeydiyyatdadır.

Bütövlükdə ölkənin nəqliyyat vasitələrinin 72 faizi sırf Bakı şəhərində idarə edilir. Bundan başqa Bakıda 300-dən artıq işıqforla tənzimlənən yol birləşməsi, 700-dən artıq yol kəsişməsi, tunellər, körpülər və digər yol ötürücüləri hərəkətlə bağlı müxtəlif problemlərə gətirib çıxarır”.

V.Əsədov qeyd edib ki, Bakıda baş verən ləngimələr tıxac deyil, sıxlıq kimi qəbul edilməlidir:

“Təhsil müəssisələrinin böyük qisminin Bakıda yerləşməsi və əyani tədrisin bərpası da sıxlığı artıran səbəblərdəndir.

Universitetlərin, məktəblərin, əmək fəaliyyətinin sırf Bakı şəhər ərazisində olması da sıxlıq yaradan əsas səbəblərdəndir. Mərdəkan, Şüvəlan, Buzovna, Qaradağ, Ələt, Abşeron və Sumqayıtdan paytaxta iş və təhsil üçün gələnlərin sayı kifayət qədərdir.

Belə bir göstəricisi olan şəhərdə pik saatlarda müəyyən ləngimələrin olması tamamilə təbiidir. Bunu dramatikləşdirmək olmaz.

Tıxac nəqliyyat vasitələrinin uzun müddət hərəkətsiz qalmasıdır. Bu sıxlığın da özlüyündə müxtəlif səbəbləri var. Ümumi istifadədə olan yollara daha yaxın təhsil ocaqları, müəssisələr var.

Bu məktəblərin qarşısında hər gün avtomobil sürücüləri tərəfindən dayanma və durma prosesləri yerinə yetirilir, bu da həmin yollarda süni sıxlığın yaranmasına səbəb olur”.

Şöbə rəisi bildirdi ki, bu gün hər bir yol polisi əməkdaşı gücləndirilmiş iş rejimində xidmət edir:

“Bu mənada vətəndaşlardan mümkün olduğu halda ictimai nəqliyyatdan istifadə etməsini xahiş edirik. Tıxacların qarşısını almaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Yolların genişlənməsi günün tələblərinə uyğun aparılır. Yerüstü və yeraltı piyada keçidləri, tunellər tikilir və müxtəlif struktur dəyişikliyi aparılır.

Əsas məqamlardan biri sürücü və piyada münasibətlərində də etik normalardır. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərə köç başladıqdan sonra şəhərin üzərindəki yük azalacaq. Tıxaclarla bağlı məsələ də öz həllinə qovuşmuş olacaq”.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 1-10-2021, 17:51