mobil versiya

Kamran Əliyev reket jurnalistikadan DANIŞDI - VİDEO




Reket jurnalistika cinayətkar fəaliyyətdir və bununla məşğul olanlar məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür.

REPORTYOR.AZ
xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

"Bu gün mənə elə gəlir ki, bəzən bizim sosial media istifadəçiləri, yaxud mətbu orqan əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər və hüquqi məsələlərlə bağlı o dərəcədə asanlıqla rəy verirlər, qəti fikirlər yürüdürlər ki, bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Ona görə də hüquqi məsələlər, sübutlar, sübutların təhlili üçün müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən kifayət qədər dəyərləndirmələr həyata keçirilir. İşin incəliklərini, sübutları bilmədən hər hansı bir fikirlərin yürüdülməsi, təbii ki, yolverilməzdir", - Baş prokuror qeyd edib.

K.Əliyev reket jurnalistika ilə bağlı da fikirlər səsləndirib:

“Düşünmürəm ki, reketlik təkcə jurnalistikaya aiddir. Bu, şərti bir termindir. Əslində, burada söhbət hədə-qorxu və tələbetmədən gedir. Bəzən jurnalistlər kimi fəaliyyət göstərdiyini deyənlər, eləcə də sosial media istifadəçiləri tərəfindən bu məqamlara yol verilir. Reket deyilən anlayışın qanunda öz maddəsi var, belə ki, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə tənzimlənir. Bu, təkcə jurnalistikada deyil, digər sahələrdə də müşahidə edilən cinayətkar fəaliyyət kimi qiymətləndirilir. Bu kimi faktlar aşkarlandıqda həmin şəxslər məsuliyyətə cəlb edilirlər”.

Videomüsahibəni təqdim edirik:



MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 28-07-2022, 15:30