İstanbul terroruna görə saxlanılanların sayı 50-yə çatıb
İstanbulda törədilən terror aktı ilə bağlı saxlanılanların sayı 50-yə yüksəlib.
Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
O deyib ki, İstanbuldakı terror yeri bütün dünyaya siqnal vermək üçün xüsusi olaraq seçilib:
"Bu hadisəni törədənlərin öz məqsədi var. Bu məqsəd Türkiyənin əldə etdiyi sülhü, təhlükəsizliyi, əmin-amanlığı, sabitliyi, inam mühitini, ümidləri sarsıtmağa yönəlib. Partlayışın baş verdiyi yer məqsədli seçilib. Ola bilsin ki, Türkiyənin əhəmiyyətli yerlərindən birində törədilən bu hücum bütün dünyaya bir siqnal vermək üçün planlanıb".
Qeyd edək ki, bazar günü günorta saatlarında İstanbulun mərkəzindəki İstiqlal küçəsində partlayış baş verib, hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Hücumda şübhəli bilinən şəxs saxlanılıb, o, Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsinin olduğunu etiraf edib.
MANŞET / HADİSƏ
Tarix: 15-11-2022, 12:30