Paşinyan Qarabağa gəldi, Azərbaycan təlimlərə başladı, düşmən itki verdi...
Ermənistanın siyasi-hərbi rəhbərliyi işğal altındakı ərazilərimizdə ikən ordumuz növbəti hərbi təlimlərə başladı; bu təlimlər hər an real əməliyyatlara keçə bilər, əgər...; rusiyalı tanınmış ekspert: “Azərbaycan Qarabağı qaytarmaq istəsə, Rusiya qarışmayacaq...”
Son günlər Ermənistandan işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfərlərin sayı artıb. Belə ki, öncə baş nazir Nikol Paşinyan noyabrın 30-dan dekabrın 2-dək Xankəndində olub. Azərbaycan ərazilərində o, təmas xəttinə, erməni ordusunun mövqelərinə baş çəkib. Dünən isə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, silahlı qüvvələrin baş qərargah rəisi Artak Davtyan da Qarabağa gedib.Gələn xəbərlərə görə, burada onlar separatçı rejimin başçısı Bako Saakyan və qondarma “dqr”in “müdafiə naziri” Karen Abramyanla birlikdə şimal-şərq və mərkəz istiqamətində (Tərtər-Ağdərə və Ağdam istiqamətləri) yerləşən hərbi hissələrə baş çəkiblər. Davtyan həmçinin hərbi və arxa cəbhə təyinatlı obyektlərlə tanış olub.
*****
Bu gəliş-gedişlər sözsüz ki, ilk növbədə düşmən tərəfdə artan müharibə təlaşı ilə bağlıdır. Hər halda, kim bilıməsə də Nikol Paşinyan Qarabağla bağlı danışıqların, faktiki, dayandığını fərq etməyə bilməz. Bu da bilavasitə rəsmi İrəvanın, Paşinyanın absurd mövqeyi ilə əlaqədardır.
Təsadüfi deyil ki, Paşinyan özünün facebook səhifəsində Dağlıq Qarabağdakı görüşlər zamanı əsasən Azərbaycanla sülh danışıqlarını müzakirə edildiyini yazıb. Hərçənd onun gələn il separatçı ərazidə keçiriləcək “prezident seçkisi” ilə əlaqədar müzakirə apardığı da bildirilir. Aydındır ki, “məxməri” baş nazir işğal altındakı Dağlıq Qarabağda da öz adamının “hakimiyyət” başında olmasına çalışır.
Maraqlıdır ki, çağırılmamış qonaqlar - Paşinyan və baş qərargah rəisi Davtyan Dağlıq Qarabağda ikən dünən səhər saatlarında işğalçı qüvvələr təmas xəttinin Ağdərə-Tərtər istiqamətində itki verib. Erməni mənbələri bildirir ki, işğalçı qüvvələrin bir hərbi qulluqçusu “hələlik aydınlaşdırılmayan səbəblərdən” dünyasını dəyişib, digəri yaralanıb. Məlumata görə, ölən hərbçi 21 yaşlı Artur İşxanoviç Acamyandır, yaralanan isə 20 yaşlı əsgər David Arutyunoviç Melibekyandır.
*****
Diqqətçəkici daha bir mühüm məqam odur ki, dünən Paşinyan və Davityan işğal altındakı ərazilərdə olarkən Azərbaycan ordusunun Ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.
Təlimlər raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir. Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər. Təlimlər zamanı raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.
Şübhə yox ki, Azərbaycan bu təlimləri təlim xətrinə keçirmir. Maksimum döyüş şəraitinə uyğunlaşdırılan bu hərbi manevrlər Bakının müharibə hazırlığının mühüm tərkib hissəsidir. Eyni zamanda Ermənistana güc nümayişi və hər an antiterror əməliyyatının başlaya biləcəyi haqda İrəvana aydın mesajdır.
*****
Azərbaycan şübhə yox ki, bahalı və müasir döyüş sistemlərini yalnız təlimlərdə və hərbi paradlarda göstərmək, yaxud vitrində paslatmaq üçün almayıb. Günün birində hərbi təlimlər işğalçı qüvvələrə qarşı real əməliyyatlara da çevrilə bilər. Bu barədə erməni hərbi və siyasi ekspertlər də vaxtaşırı etiraflarda bulunurlar.
Öz növbəsində Moskva Siyasət və Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin hesab edir ki, Qarabağda müharibə qaçılmazdır, çünki problem həll olunmamış qalıb. Bu haqda o, Ermənistan mətbuatına Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi zamanı deyib (Axar.az).
“Bakı hücuma hazırlaşır. Azərbaycan öz torpaqları saydığı Qarabağı qaytarmağı düşünür. Başqa variant yoxdur. Əgər bu baş versə, Moskva qarışmayacaq. Rusiya yalnız o halda Ermənistana kömək edə bilər ki, Azərbaycan Ermənistan ərazisinə təcavüz etsin. Qeyd etmək lazımdır ki, Rusiya Ermənistana dəstək olsa, konflikt dördüncü tərəf qoşulacaq - Türkiyə. Böyük bir müharibə başlaya bilər. Sonrası bəlli deyil. Hər şey müharibənin ssenarisindən asılı olacaq”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Qarabağ savaşında digər KTMT dövlətlərinə də bel bağlaya bilməz. Çünki bu ölkələrin heç biri Qarabağı Ermənistan ərazisi kimi tanımır.
*****
Başqa sözlə, müharibə Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində olacaqsa, İrəvan Moskvanın birbaşa hərbi dəstəyinə ümid edə bilməyəcək. Əks halda, Türkiyə də Azərbaycana eyni dəstəyi verəcək ki, bu da Ankara ilə əlaqələri yüksəliş dövrü yaşayan Moskvaya qətiyyən əl vermir. Üstəgəl, Bakı-Moskva əlaqələri “qırılma nöqtə”sinə gələ bilər. Ermənistan adlı “qulpsuz çamadan”a görə regionun iki mühüm və açar ölkəsini itirməyə dəyərmi?..
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 3-12-2019, 10:53