Kreml Ermənistanı Aİ ilə Moskva rəhbərliyindəki blok arasında seçim etməyə çağırıb

Kreml cümə günü, Baş nazir Nikol Paşinyanın gələn həftə Moskvada aparacağı danışıqlar ərəfəsində, Ermənistanı Avropa İttifaqı (Aİ) ilə bağlı ambisiyaları və Rusiyanın rəhbərlik etdiyi ittifaqa üzvlük arasında “seçim” etməyə çağırıb.
Rusiya keçmiş sovet respublikasına daha əvvəl xəbərdarlıq etmişdi ki, Moskva rəhbərliyindəki Avrasiya İqtisadi İttifaqında (Aİİ) qaldığı müddətdə Aİ-yə qoşulmaq olmaz.
Lakin Paşinyan dekabrın 3-də Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüş ərəfəsində, cümə axşamı günü etdiyi çıxışında Qərbə yönəlik kursdan imtina etməyəcəyini bildirdi.
Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti”nin sitat gətirdiyinə görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistanın “Avropa İttifaqına yönəlməsi və eyni zamanda Aİİ çərçivəsində inteqrasiya prosesini davam etdirmək istəyi bir-biri ilə uzlaşmır”.
Peskov qeyd edib ki, “iqtisadi baxımdan iki stulda eyni anda oturmaq istəyi ya təsdiqlənməli, ya da müəyyən bir seçim edilməklə təkzib olunmalıdır”.
Peskovun sözlərinə görə, bu məsələ Putinlə Paşinyan arasındakı görüşün “gündəliyindəki əsas mövzu” olacaq.
Bu ayın əvvəlində Paşinyan bildirmişdi ki, İrəvan 2028-ci ilə qədər Aİ-yə üzv olmaq üçün rəsmi müraciət etməyi planlaşdırır.
Rusiyanın rəhbərlik etdiyi Aİİ-nin dekabr ayında Ermənistanın üzvlüyünün dayandırılması məsələsini müzakirə edəcəyi gözlənilir.
Ermənistanda hərbi bazası olan Rusiya, Qafqazdakı bu kiçik ölkəyə hələ də ciddi təsir göstərir.
Peskov bildirib ki, Putinlə Paşinyan arasındakı görüşdə “bazamızla bağlı məsələ də qaldırılacaq”.
“Bu baza regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində çox mühüm elementdir. Bu kontekstdə Ermənistan tərəfinin mövqeyini eşitmək, şübhəsiz ki, maraqlı olacaq”, - deyə o bildirib.
Cümə axşamı Paşinyan Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyan rus sərhədçilərindən onilliklər boyu davam edən asılılığına tədricən son qoymaq planlarını bir daha təkrarlayıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 18:04


























