Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalova bildirib ki, yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb.
Hesabat dövründə avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.
Müşavirəyə yekun vuran daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib.
O, hər bir əməkdaşın vəzifə borcunu layiqincə yerinə yetirməsi, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyyə edib.
Nazir tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.
General-polkovnik V.Eyvazov yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib.
O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirib.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Prezident İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə olacaqlarına əminliyini bildirib.
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 21-01-2020, 18:22